Azərbaycanda həmişə humanitar əməkdaşlığa böyük diqqət yetirilib

Azərbaycanda həmişə humanitar əməkdaşlığa böyük diqqət yetirilib

Ukrayna Milli İnformasiya Agentliyi "Bakı beynəlxalq dialoqu: humanitar problemlər və onların həlli yolları" sərlövhəli materialını yerləşdirib.

Məqalədə yazılıb: "Artıq dalbadal üçüncü ildir ki, Azərbaycan paytaxtında Bakı Beynəlxalq Humanitar Forumu keçirilir. Hər il buraya dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələri, o cümlədən tanınmış dövlət xadimləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatları, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, həmçinin Ukraynadan nümayəndələr gəlirlər.

Azərbaycan Prezidenti İlham Əliyev öz nitqində qeyd edib ki, Azərbaycanda həmişə humanitar əməkdaşlığa böyük diqqət yetirilib. Buna görə də ölkə bu sahədə gözəl təcrübə toplayıb.

Azərbaycan dövlətinin başçısı deyib: "Azərbaycanda belə tədbirlərin keçirilməsi yəqin ki, təbiidir, axı Azərbaycanda bütün millətlərin, dinlərin nümayəndələri həmişə sülh, əmin-amanlıq, qardaşlıq şəraitində yaşayıblar".

Forumun işlədiyi iki gün ərzində səkkiz istiqamət üzrə "dəyirmi masa"lar keçirilib, nüfuzlu siyasətçilərin, alimlərin, politoloqların, jurnalistlərin çıxışları dinlənilib.

Qeyd etmək lazımdır ki, forumun nümayəndələri, o cümlədən Ukraynanın siyasi, elmi və mədəni elitasının qırxdan çox nümayəndəsi nəinki diskussiyalarda fəal iştirak edib, həm də Azərbaycanın paytaxtı ilə tanış olmağa imkan tapıb. Onlar son illər ölkənin paytaxtında və regionlarda gedən heyrətamiz dəyişikliklərlə tanış olub, habelə həmkarları ilə görüşüb, işgüzar əlaqələr yaradıblar".

Materialda qeyd edilir ki, belə işgüzar görüşlərin nəticələrindən biri Bakı Dövlət Universiteti (BDU) ilə Ukrayna Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında Qarşılıqlı anlaşma memorandumunun imzalanması olub.

Məqalənin sonunda deyilir: "Forumun yekunları üzrə bəyannamə qəbul edilib. Bəyannamənin yekun hissəsində Bakını humanitar problemlərə dair diskussiya mərkəzinə çevirmiş belə möhtəşəm tədbirin keçirilməsinə görə Azərbaycan Prezidentinə və hökumətinə, Heydər Əliyev Fonduna, III Bakı Beynəlxalq Humanitar Forumunun bütün təşkilatçılarına dərin minnətdarlıq ifadə olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə