“Azərbaycanın yeni tərz siyasəti”

“Azərbaycanın yeni tərz siyasəti”

Türkiyənin nüfuzlu "Zaman" qəzetində Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu haqqında məqalə dərc edilib. Mehmet Fatih Öztarsunun müəllifi olduğu "Azərbaycanın yeni tərz siyasəti" başlıqlı yazıda bildirilir ki, bu mühüm forumun keçirilməsi Azərbaycan üçün böyük əhəmiyyətə malikdir. Belə ki, foruma 100 ölkədən 750-dən çox siyasətçi, elm, mədəniyyət xadimləri və iqtisadçılar qatılıb, geniş müzakirələr aparıblar. Yenidən Prezident seçilən İlham Əliyev forumdakı çıxışında dünyanın müxtəlif ölkələrindən intellektualları dəvət etdiklərini vurğulayıb. Azərbaycanın dövlət başçısı ölkəsində olan tolerantlıqdan, inkişafdan, bu cür tədbirlərin regional sabitliyin təmin olunmasındakı rolundan bəhs edib.

Müəllif yazır ki, Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin də dəvət olunduğu forumda bütün əcnəbi qonaqlar Türkiyə və Azərbaycan arasındakı qardaşlığın necə möhkəm olduğunu bir daha yəqin ediblər. Eyni zamanda bu tədbir Azərbaycanın müxtəlif sahələrdə yürüdəcəyi siyasət haqqında məlumat ehtiva etməklə, xüsusən enerji sahəsində həyata keçirilən layihələrin bir daha diqqətə çatdırılması ilə əlamətdar olub. Bəzi mətbuat orqanlarında yer alan, guya yalnız Bakının inkişaf etməsi və qonaqlara göstərilməsi iddiaları da cavablanıb. Belə ki, forum çərçivəsində Quba, Lənkəran, Gəncə, Qəbələ və Naxçıvana təşkil olunan səfərlər qonaqlarda bütün Azərbaycanın inkişafına əminliyi bir daha artırıb. Bu şəhərlərdə qorunan və bərpa olunan qədim kilsələr və digər dini məbədlər ölkədə etnik və dini zəmində tolerantlığın nə qədər güclü olduğunu göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə