Bəxtiyar Sadıqov: "Azərbaycan-Türkiyə qardaşlığı zamanın sınağından çıxıb"

“İlham Əliyevin üçüncü dəfə Azərbaycan Respublikasının prezidenti seçilməsindən sonra ilk xarici səfərini Türkiyəyə etməsi Türkiyə-Azərbaycan dostluq və qardaşlığının təsdiqidir”
Bəxtiyar Sadıqov: "Azərbaycan-Türkiyə qardaşlığı zamanın sınağından çıxıb"

"Türkiyə ilə Azərbaycan arasında hər zaman dostluq və qardaşlıq münasibətləri olub. Ümummilli lider Heydər Əliyevin "Bir millət iki dövlət" və Mustafa Kamal Atatürkün "Azərbaycanlıların kədəri kədərimiz, sevinci sevincimizdir" sözləri zamanın sınağından çıxıb və bu gün də qüvvədə olan, dünyaya örnək dostluq və qardaşlıqdır". Bu fikirləri SİA-ya "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov Türkiyə və Azərbaycan münasibətlərindən danışarkən deyib.

Millət vəkili bildirib ki, Azərbaycan həyata keçirdiyi transmilli layihələrində qardaş Türkiyənin öncül mövqedə iştirakını təmin edib: "Türkiyə neft və qaz yataqlarına malik olmasa da, Azərbaycan neft kəmərlərini Türkiyə ərazisindən keçirməklə bu ölkənin Avropa miqyasında istəklərini nəzərə alıb. Türkiyə də Azərbaycanı beynəlxalq miqyasda birmənalı şəkildə dəstəkləyir. Xüsusən də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edib".

B.Sadıqov vurğulayıb ki, İlham Əliyevin üçüncü dəfə Azərbaycan Respublikasının prezidenti seçilməsindən sonra ilk xarici səfərini Türkiyəyə etməsi Türkiyə-Azərbaycan dostluq və qardaşlığının təsdiqidir.

Bütün xəbərlər Facebook səhifəmizdə