Sərraf Balaxan: “Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizlik üçün əsas amildir” AÇIQLAMA

Sərraf Balaxan: “Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizlik üçün əsas amildir” AÇIQLAMA

"Dünya iki qardaş ölkənin – Azərbaycan və Türkiyənin ən yüksək səviyyədə əməkdaşlığına bir daha şahidlik etdi. Azərbaycan dövlətinin bugünkü inkişafına səbəb olan Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam və inkişaf etdirilir. Cənab Prezidentin ilk rəsmi dövlət səfərinin qardaş Türkiyə Cümhuriyyətinə olması da bir daha siyasi xəttin davamlılığınınn təsdiqi idi". Bunu SİA-ya YAP Gənclər Ofisinin rəhbəri Sərraf Balaxan Prezident İlham Əliyevin Türkiyə səfəri çərçivəsində keçirilən görüşlərə, iki dövlət arasında müxtəlif sahələrdə imzalanan müqavilələrə münasibət bildirərkən deyib.

YAP GB Ofisinin rəhbərinin sözlərinə görə, müasir dünyada dostluq və qardaşlıq əlaqələri baxımından nümunə göstəriləcək Türkiyə-Azərbaycan əlaqələri özünün yeni inkişaf mərhələsinə qədəm qoyub: "Bu, bir həqiqətdir ki, bizim xalqlarımızı ortaq tarix, ortaq mədəniyyət birləşdirir. Daha doğrusu, əsrlər boyu xalqlarımız bir yerdə olub, bir-birinə dayaq olublar. Ortaq etnik-mədəni mənşəyə, tarixi keçmişə sahib olan iki qardaş xalqı mənəvi tellərlə yanaşı, ümumi milli, siyasi, iqtisadi maraqlar birləşdirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Cümhuriyyətinə səfərində qeyd edib ki: "Son on il ərzində mən çalışmışam ki, Türkiyə-Azərbaycan əlaqələri daim yüksək səviyyədə olsun. Bizim xarici siyasətimizin prioriteti məhz Türkiyə-Azərbaycan əlaqələridir. İlk növbədə, bu əlaqələr bizim xarici siyasətimizi müəyyən edir. Türkiyə bizim üçün ən yaxın dost, qardaş, müttəfiq ölkədir. Son illər ərzində bu müttəfiqlik yeni pilləyə qalxıb. Bu gün Türkiyə-Azərbaycan əlaqələri nəinki ölkələrimiz üçün eləcə də bölgə, dünya üçün önəmli bir amilə çevrilib. Bizim birgə icra etdiyimiz siyasi, iqtisadi layihələr, enerji layihələri bizi daha da sıx birləşdirir, bu birliyi əbədi, dönməz edir. Əlbəttə, bizim birliyimiz bu gün bölgədə gedən proseslərə müsbət təsir göstərir. Regional əməkdaşlıq üçün Türkiyə-Azərbaycan birliyi başlıca şərtdir. Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizlik, sabitlik üçün əsas amildir. Bu gün bir daha bu məsələlərə nəzər salarkən görürük ki, doğrudan da Türkiyə və Azərbaycan son illər ərzində uğurlu yol keçib".

Prezidentin Türkiyəyə səfəri çərçivəsində imzalanan sənədlər, aparılan müzakirələr barəsində mətbuatda yazılanlardan qürur duyduğunu bildirən S.Balaxan əlavə edib ki, Azərbaycan və Türkiyə üçün bu səfərin ən böyük əhəmiyyəti hər iki dövlət başçısının bir-birilərinə öz ölkələrinin ən ali mükafatlarını təqdim etməsi, Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğanın həmsədrliyi ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclasının keçirilməsi, ikitərəfli münasibətlərlə bərabər, regional məsələlərin nəzərdən keçirilməsi, böyük iqtisadi layihələr olan qaz, enerji, nəqliyyat layihələrinin bir daha müzakirəsi çox önəmli idi. Türkiyə dövlət başçısı Abdulla Gülün qeyd etdiyi kimi, "Azərbaycanın milli məsələsi və bizim də milli məsələmiz olan Azərbaycanın ərazi bütövlüyü və işğal altındakı torpaqlarının azad edilməsi məsələləri"nin də müzakirəsi gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həllinə öz müsbət təsirini göstərəcək. Mən bu səfərin nəticələrinin bir müddət sonra daha aydın görüləcəyi qənaətindəyəm. Çünki aparılan müzakirələrdə verilən qərarlar hər iki ölkənin ortaq maraqlarına xidmət etməklə, hər iki dövlətin birgə uğuruna səbəb olacaq", – deyə, Sərraf Balaxan sözlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə