Qüdrət Həsənquliyev müdafiə xərclərinin az olmasından gileyləndi

Qüdrət Həsənquliyev müdafiə xərclərinin az olmasından gileyləndi

"Təəssüf ki, gələn ilin dövlət büdcəsində təmir işlərinə yenə də az miqdarda vəsait ayrılıb. Digər tərəfdən büdcədən müdafiə xərclərinə 8,2 faiz ayrılıb. Azərbaycanın 20 % torpaqları işğal altındadır. Ona görə də müdafiə xərclərinə bu məbləğdə vəsaitin ayrılması yolverilməzdir. Hesab edirəm ki, hətta torpaqları işğal olunmayan ölkələr var ki, büdcənin 24 faizini hərbi sahəyə ayırırlar. Düşünürəm ki, Azərbaycanda bu sahəyə ən azı 20-22 faiz vəsait ayrılmalıdır". SİA-nın məlumatına görə, bu fikirləri parlamentin bugünkü iclasında millət vəkili Qüdrət Həsənquliyev gələn ilin dövlət büdcəsinin müzakirə zamanı çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycan bir tərəfdən Rusiya, digər tərəfdən isə Ermənistan və İranın təzyiqinə məruz qalır: "Bütün bunlara görə də Azərbaycanın güclü ordusu olmalıdır. Misal olaraq, blokada altında olan Naxçıvana 5,4 faiz artım nəzərdə tutulursa, lakin ikinci sənaye şəhərimiz olan Gəncəyə 7,7 faiz artım olub. Qarşı çıxdığım həmin ərazilərə niyə az və ya çox vəsaitin ayrılması deyil. Məqsədim Naxçıvana daha çox vəsaitin ayrılmasıdır, çünki həmin ərazi blokadadır. Orada yeni iş yerləri açılmalıdır".

Q. Həsənquliyev, həmçinin özəlləşdirmə sahəsinə az vəsaitin ayrılması məsələsinə də toxunub. O bildirib ki, gələn il özəlləşdirmədən dövlət büdcəsinə 1 manat da olsa gəlir gələcəyi nəzərdə tutulmur: "Belə çıxır ki, 2014-cü ildə Azərbaycanda özəlləşdirmə həyata keçirilməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə