Qənirə Paşayeva işğalçılıq siyasətindən danışıb FOTO

Qənirə Paşayeva işğalçılıq siyasətindən danışıb FOTO

Millət vəkili Qənirə Paşayeva Bolu Bələdiyyə başkanı Ələddin Yılmaz və Bolu millət vəkillərinə Ermənistanın işğalçılıq siyasətindən danışıb və mərkəzi küçələrdən birinə Qarabağ adı verilməsini təklif edib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Türkiyəyə səfəri zamanı Bolunu ziyarət edib. Millət vəkili Qənirə Paşayeva Bolu Bələdiyyə başçısı Ələddin Yılmaz və millət vəkillərinin iştirakı ilə keçirilən görüşdə "Türkiyə və Azərbaycan arasındakı əlaqələr, bu əlaqələrin daha da möhkəmlənməsi barədə danışılıb. Millət vəkili Qənirə Paşayeva qardaş ölkə Türkiyənin uğuru Azərbaycanın və bütün türk dünyasının uğuru, Azərbaycanın uğuru Türkiyənin və bütün türk dünyasının uğurudur" deyərək "Ümummili lider Heydər Əliyevin də dediyi kimi Azərbaycan və Türkiyə bir millət iki dövlətdir. Bu fikir Azərbaycan üçün bir amala çevrilib. Bununla yanaşı Azərbaycan Prezidenti İlham Əliyev diasporlarla görüşündə bir millətin iki diasporu olmur deyib. Bu baxımdan nəinki Azərbaycanda və Türkiyədə hətta xarici ölkələrdə yaşayan soydaşlarımız da bu düşüncə ilə hərəkət etməlidilər"- deyib. Bolu Bələdiyyə başçısı Ələddin Yılmaz Azərbaycanın müstəqillik əldə etdikdən sonra çox uğurlu işlərə imza atdığını bununla yanaşı tarixən mövcud olan əlaqələrimizin yenidən genişləndiyini bildirdi. Onun sözlərinə görə, ortaq milli dəyərləri tarixi olan Azərbaycan və Türkiyə təkcə siyasi arena da deyil bütün sahələrdə gücünü daha da birləşdirməlidi. Millət vəkili Qənirə Paşayeva daha sonra Bolu Bələdiyyə başçısı Ələddin Yılmaza müəllifi olduğu "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası" kitabını təqdim edib. Türk dünyasını qarış-qarış gəzərək yazdığı məqalələr, hazırladığı kitablarla gənc nəsillərə Türk Dünyasını daha yaxından tanıtmaq və onlarda sahiblənmə duyğusunu gücləndirmək niyyəti daşıdığını deyən millət vəkili Qənirə Paşayeva həmin kitabda Türkiyənin 6 bölgəsinin də yer aldığını bildirib. O, Ələddin Yılmaza həmin kitabın hazırladığı ikinci hissəsində qədim və gözəl Bolunun da mütləq yer alacağını söyləyib. Görüş zamanı Ermənistanın Azərbaycan torpaqlarını işğalından bəhs edən millət vəkili Türkiyə ilə əl-ələ verərək torpaqlarımızı işğaldan azad edəcəyimizə inanıram deyib. "20 il əvvəl Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. İşğal nəticəsində 1 milyondan artıq soydaşımız yurd yuvasından didərgin düşüb. Vətən həsrəti ilə yaşayan soydaşlarımız hələ də öz torpaqlarına dönə bilmir. Ancaq mən inanıram ki, biz qardaş Türkiyə ilə birlikdə Ermənistanın işğal etdiyi torpaqlarımızı azad edəcəyik. İnşaallah bundan sonrakı görüşləri işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Kəlbəcərdə, Şuşada, Xankəndidə, digər o gözəl torpaqlarda da keçirək". Millət vəkili Qənirə Paşayeva Bolu Bələdiyyə başkanı Ələddin Yılmaza Bolunun mərkəzi küçələrdən birinə Qarabağ adı verilməsini də təklif edib. O daha sonra Xocalı soyqırımından bəhs edən və Dr. Havva Məmmədova ilə həmmüəllif olaraq birgə hazırladıqları və Türkiyə türkcəsində tərtib olunan "Xocalı soyqırımı:tanıqların dilindən" kitabını Bələdiyyə başçısına təqdim edib. Kitab haqqında məlumat verən millət vəkili Qənirə Paşayeva burada yer alan məlumatların Xocalı Soyqırımında əzab əziyyət çəkən, ailələrini itirən insanların dilindən verildiyini bildirib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Bolu Bələdiyyə başçısı Ələddin Yılmaza və Bolu millət vəkillərinə Azərbaycan tarixi, mədəniyyəti və Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən müəllifi olduğu kitabları, tarixi materiallar və Azərbaycan bayrağı hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə