Sovet Yəhudiləri üzrə Milli Komitənin gənclər qanadı ilə görüş keçirilib

Sovet Yəhudiləri üzrə Milli Komitənin gənclər qanadı ilə görüş keçirilib

Azərbaycanın ABŞ-dakı səfirliyində Sovet Yəhudiləri üzrə Milli Komitənin gənclər qanadı olan "Druzya" qrupunun üzvləri ilə görüş keçirilib.

Görüşdə iştirak edən komitənin icraçı direktoru Mark Levin Azərbaycanda tolerantlığın dərin tarixi köklərə malik olduğunu, ölkəmizdə heç bir zaman anti-semitizm hallarının müşahidə edilmədiyini, yəhudi və müsəlman icmalarının birgə, mehriban qonşuluq şəraitində yaşadıqlarını bildirib. Azərbaycana səfərini xatırladan M.Levin əhalisinin əksəriyyətinin müsəlman dininə etiqad etdiyi Azərbaycanda yəhudi icmasına münasibətin nümunəvi olduğunu və ümumilikdə etnik və dini rəngarəngliyin təşviqi məsələsinin ölkə rəhbərliyinin xüsusi diqqət mərkəzində olduğunu xüsusi vurğulayıb. O, xalqlar arasındakı dostluğun dövlətlərarası münasibətlərin xarakterini formalaşdırdığını qeyd edib, Azərbaycan-İsrail əlaqələrindən danışıb, bu münasibətləri strateji tərəfdaşlıq kimi dəyərləndirib.

Səfir Elin Süleymanov çıxış edərək Azərbaycandakı yəhudi icmasının tarixindən danışıb, yəhudilərin xalqımızın etnik mənzərəsində öz çaları olduğunu və ölkəmizin ictimai-siyasi həyatında fəal təmsil olduqlarını bildirib. Xalqımızın ən çətin günlərində yəhudi icması tərəfindən daim dostluq və qardaşlıq münasibəti gördüyünü vurğulayan səfir Vətənimizin ərazi bütövlüyünün müdafiəsi uğrunda azərbaycanlıların və yəhudilərin çiyin-çiyinə mübarizə apardıqlarını qeyd edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı şəhid olmuş Albert Araqunovun Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görüldüyünü diqqətə çatdırıb. Etnik və dini rəngarəngliyin Azərbaycan dövlətinin milli sərvəti olduğunu vurğulayan E.Süleymanov deyib ki, tolerantlığın təşviqinə ölkə rəhbərliyi daim xüsusi diqqət göstərir və bunun nəticəsidir ki, Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoq üçün nümunəvi platformaya çevrilib.

Qeyd edək ki, "Druzya" qrupuna keçmiş Sovet İttifaqı məkanında anadan olmuş yəhudi əsilli amerikalı gənclər daxildirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə