Qənirə Paşayeva Azərbaycan-Türkiyə qardaşlıq gecəsi keçirilməsini təklif edib

Qənirə Paşayeva Azərbaycan-Türkiyə qardaşlıq gecəsi keçirilməsini təklif edib

Azərbaycanlı millət vəkili, Azərbaycan Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Türkiyənin Kayseri bölgəsinə səfəri zamanı Kayseri valisi Orhan Düzgünlə görüşüb. SİA-nın məlumatına görə, Kayserini ziyarət etməkdən məmnun olduğunu deyən millət vəkili Qənirə Paşayeva Orhan Düzgünlə görüş zamanı ölkələrimiz arasındakı əlaqələrdən və bu əlaqələrin günbəgün daha da sıxlaşmasından bəhs edib: "Türkiyə-Azərbaycan, bir millət iki dövlətdir. Ümummilli lider Heydər Əliyevin bu sözləri hər iki ölkənin gəncləri üçün örnək olmalıdır. Türkiyənin uğuru Azərbaycanın və türk dünyasının, Azərbaycanın uğuru Türkiyənin və bütün türk dünyasının uğurudur. Ölkələrimiz arasındakı əlaqələr günbəgün möhkəmləndiyi kimi həmin əlaqələri Azərbaycan və Türkiyənin bölgələri arasında daha da möhkəmləndirməliyik. Elə Kayserinin Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşdırılması bu əlaqələrin daha da sıxlaşmasına gətirib çıxara bilər və bu istiqamətdə səylərimizi artırmağımız daha da vacibdir. Mən çox istərdim ki, yaxın zamanlarda Kayseri ilə Azərbaycanın gözəl bölgələrindən biri arasında qardaş bələdiyyə sənədi imzalansın və gözəl əməkdaşlıq qurulsun".

Millət vəkili Qənirə Paşayevanın bu fikrini bəyənən və dəstəkləyən Kayseri valisi Orhan Düzgünlə qardaş ölkələrin bölgələrinin də qardaşlaşdırılması fikrini yüksək qiymətləndirdiyini və bu addımın birlikdə xeyli iş görmək üçün zəmin yaradacağını dilə gətirib və bu istiqamətdə özünün də səylərini artıracağını deyib.

Qənirə Paşayeva Kayseri valisi Orhan Düzgünə müəllifi olduğu "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası" kitabı barədə məlumat verib. O, hazırda kitabın ikinci hissəsini hazırlamağı planlaşdırdığını və yeni hissədə Kayserinin də yer alacağını bildirib: "Qələmə aldığım "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası" kitabında türk dünyasının qarış-qarış gəzdiyim bölgələri, onların tarixi haqqında ətraflı məlumat vermişəm. Birinci hissədə Türkiyənin 6 bölgəsi haqqında yazılarım yer alıb. Tarixi şəhər olan Kayseri haqqında geniş yazımda həmin kitabın ikinci hissəsində özünə yer tapacaq".

Kitabı yazmaqda məqsədi barədə məlumat verən millət vəkili Qənirə Paşayeva "Gənclərimiz bizim olanı tanıyıb bilməli və türklərə məxsus olan hər şeyi "mənim", "sənin" deyə yox, "bizim" olaraq sahiblənməlidir" - deyə, qeyd edib.

Millət vəkili Qənirə Paşayeva Orhan Düzgünə Azərbaycanın tarixi və Dağlıq Qarabağ həqiqətləri barədə danışıb: "Azərbaycan torpaqlarının 20%-i Ermənistanın işğalçı ordusu tərəfindən işğal edilib. Bir milyondan çox məcburi köçkünümüz 20 ildir ki, öz yurd-yuvalarına qayıda bilmir".

Millət vəkili Ermənistan ordusunun işğalçılığı ilə yanaşı günahsız əhaliyə Xocalıda və digər bölgələrdə divan tutmasından danışıb. O, Dr. Havva Məmmədova ilə birgə Türkiyə türkcəsində tərtib etdikləri "Xocalı soyqırımı: şahidlərin dilindən" kitabında insanların çəkdiyi ağrı acıların bütün gerçəklikləri şahidlərin dilindən verildiyini bildirib və həmin kitabı Orhan Düzgünə hədiyyə edib. Millət vəkili Qənirə Paşayeva Kayseri valisi Orhan Düzgünə Azərbaycan tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətələrindən bəhs edən müəllifi olduğu kitabları, tarixi materiallar və Azərbaycan bayrağını hədiyyə edib və bu cür görüşləri Dağlıq Qarabağda, Kəlbəcərdə, Şuşada, Xankəndində, digər o gözəl torpaqlarda keçirməyi dilədiyini bildirib.

Kayseri valisi Orhan Düzgün də öz növbəsində millət vəkili Qənirə Paşayevaya Kayserini anladan materialları hədiyyə edib.

Kayseri valisinə bu yaxınlarda rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin Türkiyənin bir çox bölgələrində bir sıra təşkilatlarla birgə "Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi" ni təşkil etdiyini deyən millət vəkili Qənirə Paşayevaya Azərbaycan mədəniyyətini, tarixini, ədəbiyyatını, həqiqətlərini yəni ortaq mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı insanlarımıza daha geniş çatdıran bu cür gecələri Kaysəridə də keçirməyi təklif edib: "Bu cür gecələrin Kayseridə də təşkil edilməsindən, keçirilməsindən məmnun olarıq. Hətta mart və may aylarında həmin gecəni Kayseridə mütləq təşkil edək" - deyə, vali cavab verib.

Daha sonra millət vəkili Qənirə Paşayeva, əvəllər də Azərbaycana gələn Kayseri valisi Orhan Düzgünü yenidən ölkəmizdə görməkdən məmnunluq duyacağını bildirərək onu Azərbaycana dəvət edib. Vali millət vəkilinin dəvətini qəbul edərək Azərbaycana gələcəyinə söz verib.

Qeyd edək ki, Millət vəkili Qənirə Paşayevanın Kayseri valisi ilə görüşündə millət vəkilinin rəhbərlik etdiyi və Türkiyənin bəzi bölgələrində "Azərbaycan-Türkiyə Qardaşlıq Gecə"lərində iştirak etmək üçün qardaş ölkəyə səfər edən Yazıçılar birliyin bölüm rəhbəri Sərvaz Hüseyinoğlu, şairə Gülayə Rzayeva, Azərbaycanın Əməkdar Artisti bəstəkar-müğənni Elza Seyidcahan və Opera və səs sənətçisi İlham Əsgəroğlu da iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə