İndoneziyada Azərbaycanın seçki təcrübəsi haqqında danışılıb

İndoneziyada Azərbaycanın seçki təcrübəsi haqqında danışılıb

İndoneziyada Demokratiya Forumu çərçivəsində "Azad və demokratik seçkilərin keçirilməsi", "Demokratik təsisatların qurulması və möhkəmləndirilməsi" mövzusunda müzakirələr təşkil edilib.

Müzakirələrdə əsas məruzəçilər qismində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Avstraliyanın xarici işlər naziri xanım Culiya Bişop, Liberiyanın xarici işlər naziri Auqustin Kepehe Nqafuan, Filippin Prezidentinin sözçüsü və hökumətin üzvü Edvin Lasierda çıxış ediblər.

Nazir Elmar Məmmədyarov Azərbaycanın seçki təcrübəsi haqqında danışmış, seçkilərin əsasən ölkənin Konstitusiyası və Seçki Məcəlləsi ilə tənzimləndiyini qeyd edib. O, seçkilər haqqında qanunvericiliyin təkmilləşdirilməsində Avropa Şurası və ATƏT ilə yaxından əməkdaşlıq edildiyini və bu təsisatların təklif etdiyi bir sıra qabaqcıl təcrübənin qanunvericiliyə daxil olunduğunu bildirib.

E.Məmmədyarov oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkilərində 5492 seçki məntəqəsinin fəaliyyət göstərdiyini və bu məntəqələrin 37-sinin Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində təşkil olunduğunu, avtomatlaşdırılmış dövlət informasiya sistemi vasitəsilə məntəqələrlə Mərkəzi Seçki Komitəsi arasında bağlantının qurulduğunu və məntəqələrin əksəriyyətində veb-kameraların quraşdırıldığını söyləyib.

Seçkilərin 52 min yerli və 100 ölkəni, eləcə də Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və bir sıra başqa beynəlxalq təşkilatları təmsil edən 1300 nümayəndə tərəfindən izlənildiyini deyən E.Məmmədyarov səsvermənin azad, ədalətli, şəffaf və demokratik şəraitdə keçməsinin beynəlxalq müşahidəçilər tərəfindən də təsdiq olunduğunu diqqətə çatdırıb.

Nazir Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin müşahidə missiyasının birgə bəyanatında seçki prosesinin azad, ədalətli və şəffaf olduğunun və seçki prosedurlarının seçki ərəfəsində və səsvermə günündə peşəkar və dinc şəraitdə həyata keçirildiyinin qeyd edildiyini vurğulayıb.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun fəaliyyətinə toxunan Azərbaycan xarici siyasət idarəsinin rəhbəri deyib ki, bu təsisat mandatına uyğun olaraq, seçkilərin müşahidəsinin azad, qərəzsiz və peşəkar qiymətləndirilməsini təmin etməli və ATƏT-ə üzv dövlətlərə qarşı təzyiq göstərilməsi vasitəsinə çevrilməkdən çəkinməlidir.

Nazir təəssüfləndiyini bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərin müşahidəsinə dair son qiymətləndirmələri qərəzli tənqid kimi istifadə edilir.

E.Məmmədyarov Azərbaycanın ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkilərin müşahidə prosesindəki rolunun və seçki prosesinin qiymətləndirilməsinə dair istifadə etdiyi metodologiyasının nəzərdən keçirilməsi təklifi ilə çıxış etdiyini diqqətə çatdırıb.

Elmar Məmmədyarov Azərbaycanın seçki təcrübəsi haqqında forum iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə