Millət vəkili Məlahət İbrahimqızı: “Dövlət başçısında bu istiqamətdə apardığı siyasət beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir”
Azərbaycan tolerant ölkədir

Bildiyimiz kimi, noyabrın 4-də Prezident İlham Əliyevə Vatikanın Müqəddəs Taxt-Tacın ən yüksək və nadir mükafatlarından biri olan "Medalla Sede Vancante" təqdim olunub. Ölkə başçısının bu qədər yüksək təltifə layiq görülməsi iki ölkə arasında olan dostluq münasibətlərinə söykənir. SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı ilk öncə Prezident İlham Əliyevi aldığı mükafat münasibəti təbrik edib və qeyd edib ki, sözügedən mükafat eyni zamanda, Azərbaycan xalqına olan bir qiymətləndirmədir: "Bu mükafat Azərbaycan xalqına və dövlətinə verilib. Buna görə də, biz Prezident İlham Əliyevə öz minatdarlığımızı bildiririk ki, məhz Onun apardığı güclü daxili və xarici siyasət nəticəsində bu mükafat verilib".

Bu gün dünyanın sabitliyyə, sülhə və barışa çox böyük ehtiyacı olduğunu qeyd edən M.İbrahimqızı onu da bildirib ki, Prezident İlham Əliyevin istər daxili, istərsə də xarici siyasəti dünya sülhünə, əmin-amanlığına, barışa və inkişafa yönəlib: "Bu gün dünya ölkələrində maliyyə böhranı yaşandığı halda Azərbaycan gündən-günə inkişaf edir və bölgənin ən inkişaf etmiş ölkəsinə çevrilir. Prezident İlham Əliyev Azərbaycan dövlətinin inkişaf etməsi üçün əlindən gələn hər şeyi edir. Bunun da nəticəsi göz qabağındadır. Azərbaycanın uğurlu inkişafı Prezident İlham Əliyevin yürütdüyü siyasətlə sıx bağlıdır. Azərbaycan xalqı tolerant bir xalqdır. Azərbaycanda çoxsaylı xalqlar yaşayır. Dövlət başçısının bu istiqamətdə apardığı siyasət beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir".

Bu gün ölkəmizin mədəniyyətlərarası dialoqun beşiyinə çevrildiyini deyən M.İbrahimqızı qeyd edib ki, artıq ölkəmizdə tolerantlıq institutu formalaşıb. Bu da beynəlxalq birlik tərəfindən dəyərləndirilir: "Bu gün mədəniyyətlərarası dialoqa çox böyük ehtiyac var. Məhz müqəddəs dəyərlərin qorunması yolunda ölkə başçısının atdığı və həyata keçirdiyi siyasət yüksək qiymətləndirilir".

Bütün xəbərlər Facebook səhifəmizdə