Azərbaycan gəncliyi Prezident İlham Əliyevin yürütdüyü daxili-xarici siyasətə inanır

Azərbaycan gəncliyi Prezident İlham Əliyevin yürütdüyü daxili-xarici siyasətə inanır

Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. SİA bununla bağlı gənclərin fikirlərini öyrənib.

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Əli Pənahov: "Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı, intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb. Artıq respublikamızda fəaliyyət göstərən gənclər təşkilatları, ictimai birliklər ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasına öz töhfələrini verirlər.

Azərbaycan artıq dünyada özünü isbat etmək üçün daha da təşkilatlanır. Dünya Azərbaycanlı Gənclər Birliyinin yaradılması çox mühüm bir hadisədir və xarici ölkələrdə yaşayan, təhsil alan azərbaycanlı gənclərin bir araya gəlməsinə şərait yaradacaq, onların fəaliyyətinə böyük təkan verəcək. Ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edir. Gənc nəslin fiziki, sosial və mənəvi inkişafını təmin edən fəaliyyət sahələrinin istiqamətləndirilməsi, gənclərin dünya dəyərlərinə yiyələnmələri və digər məsələlər qarşıda duran əsas vəzifələrdəndir.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxıb. Ulu öndərin 2 fevral 1997-ci il tarixdə imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Ümummilli lider, bundan əlavə, gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılmasını da təmin edib.

Müasir Azərbaycan gəncliyi inkişafının yeni mərhələsinə qədəm qoyub. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Respublikamızda həyata keçirilən dövlət gənclər siyasəti gənclərin hərtərəfli inkişafını, onların cəmiyyət həyatında fəal iştirakını təmin etməkdədir. Bu siyasət çox geniş bir spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Ölkə gəncləri demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər.

Azərbaycan gəncliyi Prezident İlham Əliyevin yürütdüyü daxili-xarici siyasətə inanır və ölkəmizin işıqlı gələcəyini məhz onun çiyinlərində görür. Azərbaycan xalqının yenidən öz liderini təsdiqləməsi, növbəti beş ili yenə etibarlı liderin əllərinə təhvil verməsi məhz elə bunun da bariz nümunəsidir.

Mən də bir gənc olaraq, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi, beynəlxalq sferada nüfuzunun artırılması, respublikanın ərazi bütövlüyünün bərpa olunması naminə irəli sürdüyü siyasəti və gördüyü məqsədyönlü işləri dəstəkləyirəm və ölkə gənclərini beyni zəhərlənmiş insanlar tərəfindən verilmiş boş vədlərə uymamağa çağırıram!

YAP Gənclər Birliyi ofisinin rəhbəri Sərraf Balaxan: "Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Yeni dövrdə dövlətimizin qarşısında duran çətinlikləri həll edə bilmək üçün gənclərin yenidən təşkilatlanması, onlarda milli özünüdərkin, azad, demokratik düşüncənin formalaşması Milli Lider Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində mümkün olub. Bu qayğı zamanın çağırışlarına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də məqsədyönlü şəkildə davam və inkişaf etdirilir. Əsası Ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasəti daha da dərinləşdirilir, gənclərə idarəetmədə və qərar qəbulu səviyyəsində yüksək etimad göstərilir. Yalnız yetkin cəmiyyətlərdə gənclərin enerjisindən lazımınca istifadə olunur və tez bir zamanda da bu öz uğurlu nəticələrini doğurur. Müstəqillik dövründə gənclərin ictimai-siyasi fəallığı vətəndaş cəmiyyətinin qurulması üçün zəruri şərtlərdən biri kimi yeni demokratik münasibətlərin formalaşmasına da təkan verib. Gənclərin ictimai-siyasi fəallığının yüksəlməsi, gənclərdə öz xalqı və dövlətinin gələcəyi üçün məsuliyyət hisslərinin aşılanması, onların mənəvi tərbiyəsinin, siyasi mədəniyyətinin yüksəlməsi ilə sıx bağlı olub. Bu mənada Milli Lider Heydər Əliyevin fikirləri gənclər üçün çıraq olmuşdur: "Gənclər özlərini Azərbaycanın gələcəyi naminə layiqincə hazırlamalıdırlar. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən ibarət olmalıdır". Milli liderin Azərbaycan gəncliyi ilə bağlı olan konsepsiyasına görə hər bir gəncin müstəqil düşüncə tərzi olmalı, özünüdərk, özünü təsdiq yaranmalıdır. "Yalnız milli xarakterli, düşüncəli gənclər müstəqil dövləti inkişaf etdirə və qoruya bilər". Gənclərin ictimai-siyasi proseslərdə, müstəqil Azərbaycanın inkişafında lazımı səviyyədə iştirak edə bilməsi üçün mənəvi əsas olmalıdır. Bu mənəvi əsas əsrlər boyu xalqımızın əldə etdiyi milli dəyərlər, vətənpərvərlik duyğusu, torpağa bağlılıq, milli tariximizə olan sevgidən ibarətdir. Bu gün gənclərimiz məhz bu zəmin əsasında ölkəmizin bütün idarəetmə stukturlarında, qrumlarda, vətəndaş cəmiyyəti institutlarında layiqincə təmsil olunur. Azərbaycan gəncliyi bu mövqedə öz məsuliyyətini dərindək dərk edir və üzərinə düşən işin öhtəsindən layiqincə gəlməyə çalışır. Çünki Azərbaycanın gələcək uğurları bu gün gəncliyin sahibləndiyi bilik, bacarıq və mənəvi tərbiyədən asılıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə