Maykl MakMeyhon: Azərbaycanda seçkilər şəffaf və qanuni olmuş, yaxşı təşkil edilmişdi

Maykl MakMeyhon: Azərbaycanda seçkilər şəffaf və qanuni olmuş, yaxşı təşkil edilmişdi

Amerikanın nüfuzlu "The Hill" qəzetində Nyu-York ştatından olan sabiq konqresmen Maykl MakMeyhonun "Azərbaycanda seçkilər şəffaf və qanuni olmuş, yaxşı təşkil edilmişdi" sərlövhəli məqaləsi dərc edilib.

Azərbaycanda prezident seçkilərinin müşahidə edilməsi üçün dəvət olunmuş 48 nəfərdən ibarət müşahidəçilər qrupunun üzvü M.MakMeyhon 20 seçki məntəqəsində olub. Sabiq konqresmen qeyd edir ki, seçki prosesi tamamilə qanuni və ədalətli şəraitdə keçib. Daha sonra səsvermə prosesinin necə keçməsini təsvir edən müşahidəçi yazır ki, hər bir seçki məntəqəsində bütün namizədlərin nümayəndələri, habelə beynəlxalq müşahidəçilər vardı. Seçki prosesini müxtəlif ölkələrin Azərbaycandakı səfirləri də müşahidə edib, o cümlədən ABŞ səfiri Riçard Morninqstar bir neçə seçki məntəqəsinə baş çəkib. Seçicilər seçki məntəqələrindən çıxarkən beynəlxalq KİV-lərə xidmət edən Amerika şirkətindən exit-poll keçirən sorğuçular onları qarşılayırdı. Konqresmenin sözlərinə görə, gün ərzində bu cür sorğular keçirən bir neçə nəfərlə söhbətdən sonra aşkar olmuşdu ki, Prezident İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini toplayaraq yenidən seçiləcək. M.MakMeyhon öz həmkarı ilə birlikdə Bakının mərkəzində, Prezidentin özünün səs verdiyi seçki məntəqəsində, habelə paytaxt hüdudlarından kənarda, Azərbaycanın Qarabağ regionunda müharibə dövründə ermənilər tərəfindən qovulmuş qaçqınlara xidmət edən ictimai mərkəzdə də olub.

Məqalə müəllifi sonda yazır ki, çox böyük neft və qaz ehtiyatlarına, zəngin mədəniyyətə malik olan, Amerika xalqına dostcasına münasibət bəsləyən, demokratiya yolunda qətiyyətlə irəliləyən Azərbaycan Birləşmiş Ştatların mühüm müttəfiqidir.

Bütün xəbərlər Facebook səhifəmizdə