Qüdrət Həsənquliyev: "Cəmil Həsənlini boş xəyallara inandırmışdılar" Müsahibə
Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin SİA-ya müsahibəsi:
- Ermənistan parlamentində "İrs" parlament fraksiyasının katibi Zarui Postancanyanın təşəbbüsü ilə "Dağlıq Qarabağ Respublikasının tanınması haqqında" qanun layihəsi müzakirə çıxarıldı. Lakin Serj Sarkisyan partiyasının üzvləri mövcud qanunu qəbul etmədilər. Ümumiyyətlə, Ermənistan dəfələrlə ölkəmizə qarşı müxtəlif qıcıq yaradıcı üsullardan istifadə edib. Ermənilərin bu addımını Azərbaycana qarşı növbəti təzyiq və təxribat xarakterli hal hesab etmək olarmı?
- Bu, Azərbaycana qarşı olan təzyiqin bir nümunəsi idi. Təbii ki, bu dəfə də Ermənistanın buna gücü çatmadı. Əgər həmin qanun qəbul edilsəydi, o zaman müharibənin yaxınlaşması qaçılmaz idi. Ermənilər də bunun fərqində olduqlarına görə qanunu qəbul etmədilər. Onlar çox gözəl başa düşür ki, müharibə başlasa, bunun nəticələri onlar üçün yaxşı olmayacaq. Bu qərarın müzakirəyə çıxarılmasında heç şübhəsiz ki, Rusiyalı qüvvələrin əli var. Bunun kökündə isə Azərbaycanın Avropa ilə əməkdaşlığının dərinləşdirilməsinə yol verməmək dayanır. Düşünürəm ki, Ermənistan müstəqil dövlət olmadığından Rusiyanın razılığı olmadan heç bir qərarı qəbul edə bilməz. Buna görə də qanunun hazırlanması Rusiya siyasi qüvvələrinin növbəti oyunu idi.
- Bir neçə gün bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorliki qəbul etdi. Bir çoxlarının amerikalı həmsədrə inamı böyükdür. Çünki onun çox güclü diplomat olduğunu deyirlər. Sizcə, 21 ildən çoxdur ki, həll olunmayan Dağlıq Qarabağ məsələsində onun nə kimi töhfəsi ola bilər?
- Mən belə olacağını düşünmürəm. Çünki həm Amerika, həm də Fransada güclü erməni lobbisi var. Təbii ki, ATƏT-in tərkibində olan dövlətlər bu məsələnin beynəlxalq hüquqda ədalətli həllini istəmirlər. Ölkəmiz də heç vaxt Dağlıq Qarabağı Ermənistana güzəştə getməyəcək. Hazırda mövcud münaqişənin həllinə təsir edəcək ölkə yalnız Rusiyadır. Buna görə də Azərbaycan həmin ölkə ilə münasibətləri yaxşı tənzimləməlidir. Adıçəkilən ölkənin prezidentinin Azərbaycana səfərindən sonra hazırda İlham Əliyevlə Vladimir Putin arasında normal münasibətlər mövcuddur. Bu münasibətlər bundan sonra daha da dərinləşməlidir.
- Son zamanlar Moskvada baş verən hadisələri Rusiyanın Azərbaycana təzyiqi kimi başa düşmək olarmı?
- Əlbəttə ki, bu belədir. Çünki hər şey göz önündədir. Parlamentin dünənki iclasında da bu məsələnin geniş müzakirə olunması məsələnin nə yerdə olduğundan xəbər verir.
- Müxalifətin prezidentliyə vahid namizədi Cəmil Həsənli bir müddət bundan əvvəl Avropada bir sıra görüşlər keçirib. Həmin görüşlər çərçivəsində o, həmçinin maliyyə fırıldaqçısı Elşad Abdullayevlə görüşüb. Bu azmış kimi, hətta onunla birlikdə şəkil də çəkdirib. Maraqlıdır ki, Cəmil Həsənli Azərbaycanda rüşvətxorluğun artdığını deyir, ancaq özü ən böyük rüşvətxorla görüşüb. Bunun arxasında nə dayanır?
- Sözün düzü, Cəmil Həsənlinin nə istədiyini bilmirəm. Onun bu cür radikallaşması, iqtidar əleyhinə olan bütün qüvvələrlə əməkdaşlığa can atması onu göstərir ki, o, bir çox məsələlərə yanaşmada reallıq hissini itirib. Cəmil Həsənlinin radikal çıxışlarının əsas səbəbi də ona müəyyən ümidlərin verilməsi idi. Əvvəlcədən hamıya bəlli idi ki, bu vəddən o tərəfə heç vaxt keçilməyəcək. Əminəm ki, qısa bir müddətdən sonra Cəmil Həsənli fərqinə varacaq ki, nə qədər böyük bir səhvə yol verib. Tarixçi biri olaraq ola bilməz ki, etdiyi hərəkətləri başa düşməsin. O heç prezidentliyə namizəd olmaq da istəmirdi. Sadəcə onu inandırmışdılar ki, seçkilərin nəticələri tanınmayacaq, Azərbaycana sonradan müəyyən sanksiyalar tətbiq olunacaq, nəyin bahasına olursa olsun, xarici qüvvələrin hesabına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev devriləcək. Görünür o, özünü bu cür şayiələrə inandırmışdı.
- Moskva hadisələrindən sonra ölkəmizə miqrant axınının Azərbaycan iqtisadiyyatına nə kimi təsiri olacaq?
- Düşünmürəm ki, bu Azərbaycanda hər hansı bir sosial narahatlıq və ya partlayışa səbəb olsun. Çünki Azərbaycanda gəlib iş tapa bilərlər. Azərbaycan valyuta ehtiyatı olan, eyni zamanda güclü iqtisadiyyatı olan ölkədir. Sadəcə bundan səmərəli istifadə etmək lazımdır. Bütün bunları nəzərə alsaq, əminliklə deyə bilərik ki, Rusiyadakı miqrantların Azərbaycana gəlməsi heç bir təhlükə törədə bilməz. Lakin bu proses Tacikistan üçün təhlükə törədə bilər, çünki onlar böyük problemlər içərisində yaşayan ölkədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB