Ölkə başçısı İnauqurasiya mərasimində xalqa bir növ hesabat verdi

Ölkə başçısı İnauqurasiya mərasimində xalqa bir növ hesabat verdi

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlunun SİA-ya müsahibəsi

- Prezident İlham Əliyev andiçmə mərasimində Ermənistanın ünvanına yönəlik bəzi fikirlər səsləndirib. Həmin fikirlər Ermənistanın öz işğalçılıq siyasətinə son qoyulmasını özündə ehtiva edirdi. Sizin bu cür məsələlərə yanaşmanızı öyrənmək istərdik?

- İnauqurasiya mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əslində, Azərbaycan xalqı qarşısında özünün son 10 ildə həyata keçirdiyi siyasətin bir növ hesabatını verdi. Eyni zamanda cənab Prezident qeyd etdi ki, məhz Azərbaycan xalqının verdiyi səslər də onun fəaliyyətinə verilən qiymət idi. Bununla yanaşı Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətinin prioritet sahəsi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz fikirlərini bildirdi. Biz bilirik ki, bu problem Azərbaycan xalqının, dövlətimizin ümumi problemidir. Prezident İlham Əliyev inauqurasiya nitqində onu da bildirdi ki, torpaqlarımızın bir qarışını belə heç kimə vermərik. Ölkə başçısı, həmçinin, problemin həlli ilə bağlı siyasəti də izah etdi. O bildirdi ki, Azərbaycanın iqtisadi və siyasi qüdrəti, gücü, xalqımızın istedadı zəkası yaxın perspektivdə bu problemin həllinə gətirib çıxaracaq. Dağlıq Qarabağ problemi beynəlxalq hüquq normalarına uyğun olaraq həll ediləcək.

Bununla Prezident İlham Əliyev bir növ böyük mənada strateji məqsədləri elan etmiş oldu. Bu gün güclənən, qüdrətlənən Azərbaycanın fonunda Ermənistan o qədər cılızdır ki, bu güc qarşısında duruş gətirə bilməyəcək. Prezident onu bildirdi ki, Ermənistan bir dövlət deyil, o, Cənubi Qafqazda süni şəkildə yaradılan yarım hərbi bazadır. Hər bir hərbi baza gec-tez dağılır. Cünki, onun missiyası bundan ibarətdir. Belə ki, Ermənistan müəyyən bir mərhələlərdə hərbi baza kimi fəaliyyət göstərdi, Azərbaycanın tarixi torpaqlarında mövcud oldu Amma heç şübhəsiz ki, bir gün onun ömrü başa çatacaq. Çox sevindiricidir ki, Prezident uzaqgörənliklə, Azərbaycan xalqının milli vətənpərvərlik hisslərinə, tarixi yaddaşına hesablanmış bəyanat verdi ki, biz tarixi torpaqlarımıza qayıdacağıq.

- Bildiyiniz kimi ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik oktyabrın 20-də Azərbaycana səfər etdi. Sizcə bu səfər digərlərindən nə ilə fərqləndi və bu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətindəki proseslərə stimul ola bilərmi?

- Ermənistan- Azərbaycan Dağlıq Qarabağ probleminin həll olunmasında köklü dəyişikliklər, məhz Post Sovet məkanında yeni, beynəlxalq ictimai-siyasi şərait formalaşdıqdan sonra mümkün olacaq. Bunun üçün biz gözləməliyik. İndiki mərhələdə isə həmsədrlərin dəyişməsi Dağlıq Qarabağ probleminin həllində radikal dəyişikliklərin baş verməsinə səbəb olmayacaq. Çünki, bu problemlərin həll olunması üçün ilk növbədə beynəlxalq şərtlər dəyişilməlidir. Azərbaycan regionda baş verən hər hansı bir ciddi dəyişikliyə, onu qəbul, idarə etməyə, orada öz maraqlarını diktə etməyə hazırdır. Ona görə ki, Azərbaycan bu gün güclüdür. İndiki mərhələdə isə yeni həmsədrin ölkəmizə gəlməsi ilə bağlı dəyişikliklərdə daha çox Azərbaycanın iradəsi nəzərə alınacaq.

- Ölkəmizin ünvanına yönəlik korrupsiya ittihamları ilə çıxış edən Milli Şuranın vahid namizədi Cəmil Həsənli Avropada görüşlər keçirib. Ən maraqlısı isə odur ki, həmin insan maliyyə fırıldaqçısı adlandırılan Elşad Abdullayevlə görüşərək birgə xatirə şəkli çəkdirib. Sizcə, bu insanları birləşdirən ortaq meyar nədən ibarətdir?

- Biz bilirik ki, Elşad Abdullayev maliyyə fırıldaqçısıdır. Bundan əlavə o, Azərbaycan gənclərinin həyatını iflic etməklə, onların təhsilinə böyük zərbə, onların gələcək və təhsil karyerasına ziyan vurmaqla neçə-neçə azərbaycanlı ailəsini bədbəxt edərək, ölkədən qaçıb gedib. Eyni zamanda biz bilirik ki, Elşad Abdullayev korrupsiya faktlarına yol verib. Onun haqqında məhkəmədə səsləndirilən iddialar sübuta yetirilərsə, o zaman onun nə qədər rüşvətə, qeyri-qanuni maliyyəyə meylli olduğu ortaya çıxacaq. Cəmil Həsənlinin isə belə bir adamla görüşməsi təbiidir. Görünür, onun ən böyük arzusu Elşad Abdullayev olmaqdır. O da istəyir ki, Azərbaycanda bir boşluq tapıb xaos yaratsın və burada maliyyə fırıldaqları edərək bundan bəhrələnsin. İndiki vəziyyətdə onlar arasında heç bir fərq yoxdur. Elşad Abdullayev də milləti, xalqı aldadıb, Cəmil Həsənli də. Cəmil Həsənli dövləti aldadaraq saxta sənədlərlə özünə təqaüd düzəltməklə ölkənin pulunu mənimsəyib. Onlar bir medalın iki üzüdür. Hər ikisinin intellektual, siyasi potensialları eynidir. Onlar eyni standarta malik olan adamlardır. Bu görüş də bir daha onu sübut edir ki, taylı tayını yaxşı tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə