ATƏT PA-nın müşahidə missiyasının rəhbərindən "Azadlıq" qəzetinə sərt ETİRAZ

Almaniya Bundestaqının deputatı qəzetinin internet səhifəsində dərc olunmuş məqaləni yalanlayıb
ATƏT PA-nın müşahidə missiyasının rəhbərindən "Azadlıq" qəzetinə sərt ETİRAZ

ATƏT Parlament Assambleyasının Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkilərini müşahidə missiyasının rəhbəri xanım Doris Barnett "Azadlıq" qəzetinin internet səhifəsində dərc olunmuş "Alman deputat seçkini təriflədiyi üçün cavab verməli oldu" sərlövhəli məqalədə onun adından səsləndirilmiş fikirlərə münasibət bildirib. SİA-nın verdiyi məlumata görə, Azərbaycanın Almaniyadakı səfirliyindən azərtac-a daxil olan məlumatda deyilir ki, oktyabrın 18-də "Azadlıq" qəzetinin internet səhifəsində "Alman deputat seçkini təriflədiyi üçün cavab verməli oldu" sərlövhəli məqalə dərc olunub.

Məqalədə Almaniyada yaşayan 20-yə yaxın azərbaycanlının Bundestaqın deputatı, xanım Doris Barnettin yaşadığı Ludviqshafen şəhərində onun üzvü olduğu Sosial-Demokrat Partiyasının (SPD) qərargahı qarşısında keçirdiyi etiraz aksiyası barədə məlumat verilir. Məqalədə etiraz aksiyasının ATƏT Parlament Assambleyasının Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkilərini müşahidə missiyasının rəhbəri kimi xanım D.Barnettinin seçkilərin yüksək səviyyədə təşkil edilməsi ilə bağlı verdiyi bəyanatlarla əlaqədar keçirildiyi bildirilir və aksiya iştirakçıları ilə görüşmüş xanım D.Barnettin adından onun seçkilər barədə söylədiyi fikirlərin guya təhrif olunması barədə sitatlar verilib. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi tərəfindən xanım D.Barnettə müvafiq sorğu göndərilmiş və onun məsələyə münasibəti öyrənilib.

Xanım deputat səfirliyə cavab məktubunda yuxarıda qeyd olunan məqalədə ona istinadən verilmiş sitatlar haqqında aşağıdakıları bildirib: "Faktların saxtalaşdırılmasına, mənim dediklərimin tam əksinin utanmadan mənim adıma yazılmasına görə söz tapa bilmirəm. Mən dünən Maynts şəhərindən gəlmiş nümayişçilərin sözçüsünə bu haqda yazacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə