Elman Abdullayev: “Biz nə üçün yenilənmiş Madrid sənədlərini qəbul etdik?” AÇIQLAMA
"Mən bunu planlaşdırılmış təmaslar çərçivəsində qiymətləndirərdim. ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər etməlidirlər. Çünki bu, onların vasitəçilik missiyalarının bir hissəsidir". Bunu SİA-ya Azərbaycan xarici işlər nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Azərbaycana səfərinə və bu səfərin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətindəki həllinə verə biləcəyi töhvələrə münasibət bildirərkən deyib.
Elman Abdullayevin sözlərinə görə, bu səfərlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətin daimi olaraq izlənilməsindən irəli gəlir: "Ən önəmlisi isə odur ki, artıq ATƏT-in Minsk qrupunun üzvləri protokol xatirinə bu görüşləri keçirmirlər. Önəmli məqam bu görüşlərdən nəticə çıxararaq, ədaləti müdafiə etmə səylərinin səfərbər olunmasıdır. ATƏT-in Minsk qrupu həmsədrləri canlı şahiddirlər ki, Azərbaycan dəfələrlə görüşlərdə çox praqmatik, tərəfləri qane edən təkliflərlə çıxış edib. Hesab edirəm ki, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan Silahlı Qüvvələrinin çıxarılması, bir milyondan artıq qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qaytarılması, bundan sonra müvəqqəti statusun Dağlıq Qarabağa verilməsi və azərbaycanlıların iştirakı ilə həmin regiona Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yeni bir statusun əldə olunması ölkəmizin yanaşmasının çox demokratik olmasından xəbər verir. Ümumiyyətlə bu, regionda sabitliyin və stabilliyin bərqərar olmasına yönəlib. Biz nə üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin təklif etdiyi yenilənmiş Madrid sənədlərini qəbul etdik? Çünki həmin sənəddə Azərbaycanla razılaşdırılmış məqamlar öz əksini tapıb. Belə ki, Azərbaycan bu təklifi qəbul etdiyini vurğuladı. Lakin yenə də təəssüf ki, problem Ermənistanın qeyri-konstruktiv yanaşmasından irəli gəlir".
XİN sözçüsü hesab edir ki, Ermənistan danışıqlar masasında razılaşdığı məqamları, danışıqlardan sonra təkzib etməyə başlayır: "Yəni Ermənistanın danışıqlarda sərgilədiyi mövqe və danışıqlardan sonra atdığı atdımlar, verdiyi bəyanatlar bir-birinə ziddiyyət təşkil edir. Ümumiyyətlə, rəsmi İrəvanda başlıca problem münaqişənin həlli ilə bağlı siyasi iradənin olmamasıdır. Eləcə də bu məsələlərə beynəlxalq ictimaiyyət biganə qalır. Əgər Minsk qrupunun həmsədrləri BMT TŞ-da məlum dörd qətnaməni qəbul edibsə, onda bu gün də həmin mövqeni davam etdirməlidir. Azərbaycan çox praqmatik danışıqlar aparır. Ölkəmiz sülh müqaviləsinin imzalanmasının tərəfdarı kimi çıxış etdi. Biz Böyük Sülh Sazişinin imzalanmasını sonra isə bəndlər üzərində çalışılmasını təklif etdik. Təbii ki, Ermənistan bunu da rədd etdi. Yəni artıq ölkəmiz Ermənistana sülh mesajını yetərli dərəcədə verib. Biz bütün insanların hüquqlarının müdafiə olunması təklifi ilə dəfələrlə çıxış etmişik. Ən önəmlisi isə biz onlara Azərbaycanın işğal olunmuş ərazilərində demokratik şəkildə insanların bir yerdə yaşamasını təklif etdik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB