Türkiyənin millət vəkili: İlham Əliyevin 10 illik hakimiyyəti dövründə Azərbaycan çox mühüm uğurlara imza atıb

Türkiyənin millət vəkili: İlham Əliyevin 10 illik hakimiyyəti dövründə Azərbaycan çox mühüm uğurlara imza atıb

Türkiyə parlamentinin xarici əlaqələr komissiyasının üzvü İsmail Safi nüfuzlu "Star" qəzetində dərc olunmuş məqaləsində İlham Əliyevin 10 illik hakimiyyəti dövründə Azərbaycanın çox mühüm uğurlara imza atdığını bildirib.

Oktyabrın 9-da ölkəmizdə keçirilmiş prezident seçkilərində müşahidəçi kimi iştirak edən İ.Safinin məqaləsində qeyd olunur ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev zəngin karbohidrogen ehtiyatlarından və Sovet dövründə qazandığı diplomatiya təcrübəsindən istifadə edərək ölkəsinin beynəlxalq mövqeyini gücləndirib, bütün xarici güclərlə balans siyasəti yürüdüb.

Məqalədə vurğulanır ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə bu siyasət davam etdirilib, ölkə iqtisadiyyatı güclü templərlə inkişaf edib, yoxsulluğun səviyyəsi 4 faizə enib, Azərbaycanın milli pul vahidi olan manat dünyanın ən güclü 5 valyutasından birinə çevrilib. Qüdrətli iqtisadiyyata malik olan ölkədə müdafiə sənayesi qurulub, orbitə süni peyk göndərilib. Bütün bu amillər İlham Əliyevin seçkilərdə inamlı qələbəsini təmin edib.

Türkiyəli millət vəkili Azərbaycanda müxalifətin heç bir konkret proqram və inkişaf konsepsiyası irəli sürə bilmədiyini də diqqətə çatdırır və qeyd edir ki, onların sadəcə seçkilərdən seçkilərə qurduqları ittifaq bu dəfə də iflasa uğrayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə