Latviya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır

Latviya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır

Latviya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupunun üzvü Roman Naudinş prezident seçkiləri ərəfəsində Azərbaycanda olub. Bakı barədə təəssüratlarını bölüşən deputat demişdir ki, Azərbaycanda müxtəlif siyasi qüvvələr arasında real mübarizə olub. Orada hər şeyin irəlicədən həll edildiyinin və hazırkı Prezident İlham Əliyevin yenidən seçilməsinə istənilən halda alternativin olmadığını düşünənlər səhvə yol verirlər. Eyni zamanda, onun nüfuzu son dərəcə böyükdür və bu şəraitdə seçkilərdə daha kiminsə onun üzərində qələbə çala bilməsini təsəvvür etmək çətindir.

Son illərdə Azərbaycanda iqtisadi inkişafın sürətindən və miqyasından söz açan R. Naudinş bildirib ki, neft bumu ölkədə iqtisadi islahatlara açıq-aydın təsir göstərir. Hökumət neft gəlirlərini sadə insanların həyatının yaxşılaşdırılmasına, sosial yönümlü irimiqyaslı dövlət proqramlarına yönəldir. "Qara qızıl"ın insan kapitalına çevrilməsi ideyası Azərbaycan Respublikasında şüara çevrilib.

Latviyalı deputat deyib: "Zənnimcə, hazırda dövlətin informasiya-kommunikasiya texnologiyalarının inkişafını stimullaşdırması Azərbaycanın gələcəyi üçün çox vacibdir. Özü də investisiyalar çox böyükdür. Məsələn, Azərbaycanın birinci telekommunikasiya peyki bu yaxınlarda kosmosa buraxılmışdır".

Dağlıq Qarabağ münaqişəsi mövzusuna toxunan R.Naudinş bildirib ki, qonşu ölkələr arasında uzun sürən bu münaqişə hələlik həll olunmayıb. İlk növbədə, buna beynəlxalq birliyin ikili standartlar siyasəti mane olur. Belə bir məsələ narahatlıq doğurur ki, münaqişənin həll olunmaması təkcə Cənubi Qafqaz regionuna deyil, həm də ümumavropa sabitliyinə ciddi maneələr yaradır, çünki Aİ ölkələri üçün etibarlı enerji təchizatı yolları məsələsi hazırda son dərəcə aktualdır. Məlumdur ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verir. Münaqişə Ermənistan iqtisadiyyatına da güclü mənfi təsir göstərir. Təkcə ona görə ki, o, Azərbaycanın irəli sürdüyü və həyata keçirdiyi ən iri regional layihələrdən kənarda qalıb.

Roman Naudinş onu da bildirib ki, bu gün Azərbaycan dünyada mədəniyyətlərarası və humanitar dialoqda mühüm rol oynayır. Bakıda tanınmış ictimai xadimlərin, o cümlədən Nobel mükafatı laureatlarının, keçmiş prezidentlərin iştirakı ilə həmin mövzuda beynəlxalq forumlar keçirilir. Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa da forumlarda fəal iştirak edir. O, Nizami Gəncəvi adına Beynəlxalq Mərkəzin həmsədri kimi də Azərbaycanda tanınır. Avropa İttifaqının uzunmüddətli inkişafı üzrə ekspertlər qrupunun həmsədri olan Vayra Vike-Freyberqa istər Azərbaycan-Latviya münasibətlərinin dərinləşməsinə, istərsə də Azərbaycanın Avropa təsisatlarına inteqrasiya prosesinə töhfə verir.

Deputat Azərbaycanın idman nailiyyətlərinə də toxunub. 2014-cü il Bakıda bədii gimnastika üzrə Avropa çempionatının keçirilməsi ilə əlamətdar olacaq. 2015-ci ildə Birinci Avropa Oyunları keçiriləcək. 2016-cı ildə Birinci Şahmat Olimpiadası keçiriləcək. Bakı 2017-ci ildə İslam Oyunlarını qəbul edəcək.

Roman Naudinş Latviya-Azərbaycan əlaqələrinin inkişafından da danışıb. Gələn il diplomatik münasibətlərin qurulmasının 20 illiyi tamam olur. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq edirlər. "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində qarşılıqlı əlaqələrimiz də səmərəlidir.

Latviya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır və bu tezis ölkəmizin rəhbərliyi tərəfindən dəfələrlə, o cümlədən bu yaxınlarda BMT Baş Məclisində səsləndirilib.

Deputat vurğulayıb ki, əlaqələrimizin inkişaf etdirilməsi üçün hər cür şərait vardır. Azərbaycan Latviyaya böyük maraq göstərir. Bu hərəkatın səmərəli olması üçün həm siyasi, həm də işgüzar əlaqələr lazımdır. Latviya-Azərbaycan parlamentlərarası əməkdaşlıq qrupu da iki ölkə arasında tərəfdaşlığın möhkəmlənməsinə töhfə verməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə