Sergey Lebedev: "Azərbaycan xalqı yüksək seçki mədəniyyətini nümayiş etdirdi"

Sergey Lebedev: "Azərbaycan xalqı yüksək seçki mədəniyyətini nümayiş etdirdi"

Bu gün MDB PA müşahidə missiyası prezident seçkilərinin yekunları ilə bağlı Müstəqil Mətbuat Mərkəzində (MMM) jurnalistlərin də iştirakı ilə mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, konfransda çıxış edən MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev bildirib ki, qrup üzvlərimiz sentyabrın 10-dan etibarən Azərbaycanda olub və burada seçki prosesinin necə təşkil olunduğunu müşahidə edib: "Missiyamızın tərkibində MDB ölkələrinin PA üzvləri iştirak edib. Bizim parlamentarilər burada çox fəal işləyiblər. Müşahidələrimizdə MDB dövlətləri və 6 komissiya sədri də iştirak edib. Tam dolğun nəticəni isə Azərbaycan Respublikasının Konstitutusiya Məhkəməsinin son qərarından sonra bilmək mümkün olacaq. Biz Azərbaycanın bütün bölgələrində 2 minə yaxın məntəqədə öz müşahidələrimizi aparmışıq. Ümumilikdə, 1000 -dən artıq veb-kameranın quraşdırıldığının şahidi olduq. Burada tibb personalının olması isə bizi daha çox sevindirdi. Bizim üçün əsas olan ölkənin yerli qanunvericiliyidir. Rəhbərlik etdiyimiz missiya digər ölkələrin diqtəsi və yaxud qanunları ilə seçkiyə qiymət vermir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda seçkilər qanun çərçivəsində keçib. Təbii ki, bəzi nöqsanlar olub ki, bu da formal qanun pozuntularıdır. Buna nümunə olaraq deyə bilərik ki, ər-arvad təsadüfən eyni kabinəyə daxil olmuşdu və yaxud digəri bülleteni götürdükdən sonra kabineyə daxil olmadan qutuya atmışdı. Amma bütün bunlar ciddi qanun pozuntusu hesab olunmamalıdır və seçki prosesinə təsir etməyib. Ən müsbət hal isə bütün məntəqələrdə yerli müşahidəçilər olub".

O bildirib ki, Azərbaycanda seçkilər tam şəffaf və demokratik şəraitdə keçirilib və vətəndaşların siyasi iradəsi tam təmin olunub.

Mətbuat konfransına jurnalistləri maraqlandıran suallarla yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə