MSK sədri: "Azərbaycan vətəndaşları 5 illik talelərinə biganə qalmayacaqlar"
Azərbaycanda prezident seçkilərinə start verilib. SİA-nın məlumatına görə, səsvermənin açıq elan edilməsindən öncə Mərkəzi Seçki Komissiyası (MSK) sədri mətbuat konfransı keçirib.
M.Pənahov ümid etdiyini bildirib ki, Azərbaycan vətəndaşları gələcək 5 illik talelərinə biganə qalmayacaqlar: "Seçkidə Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınan 10 namizəd iştirak edəcək. Prezident seçkiləri Azərbaycan ictimaiyyəti ilə yanaşı, dünya ictimaiyyətinin də diqqət mərkəzindədir. Seçkilərin gedişini 1400 beynəlxalq, 52 min yerli müşahidəçi izləyəcək. Bunun üçün MSK tərəfindən bütün şərait yaradılıb. Belə ki, seçkilərə hazırlıq dövründə MSK şəffaflıq prinsipinə əməl edib. Bunun üçün bütün müşahidəçilərə şərait yaradılıb və məntəqələrin 20 % veb-kameralarla təchiz olunub".
Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və Prezident seçkiləri açıq elan edilib.
Qeyd edək ki, ölkə üzrə 5 milyon 143 643 vətəndaş səsvermə hüququna malikkdir və onlar 125 Seçki Dairəsi üzrə 5492 seçki məntəqəsində səs verəcəklər. Seçki məntəqələrinin 5273-nün fəaliyyəti daimi, 219-nun fəaliyyəti isə müvəqqəti xarakter daşıyır.
Səsvermə saat 8.00-da başlayıb və 19.00-da başa çatacaq. Bundan sonra səslərin sayılması prosesinə başlanacaq. MSK səsvermənin gedişi ilə bağlı gün ərzində 5 dəfə – 10.00, 12.00, 15.00, 17.00, 19.00-da ilkin məlumatlar açıqlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB