"Təbliğat kampaniyası beynəlxalq normalara uyğun keçirilib"

"Təbliğat kampaniyası beynəlxalq normalara uyğun keçirilib"

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov oktyabrın 9-da keçiriləcək prezident seçkilərini müşahidə edəcək Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) müşahidə missiyasının üzvləri ilə görüşüb. SİA-nın məlumatına görə, parlamentin sədri O.Əsədov MDB üzvü olan ölkələrin demokratik inkişaf yolu keçmiş gənc dövlətlər olduğunu deyib: "Bu ölkələrdə keçirilən seçkilər ildən-ilə təkmilləşir və xalqın iradəsinin daha dolğun ifadə olunmasına yeni imkanlar yaradılır. Azərbaycanda keçiriləcək prezident seçkilərinin şəffaflığı üçün yüksək səviyyəli şərait yaradılıb, 1000 seçki dairəsində veb-kameralar quraşdırılıb. Bu, dünyanın istənilən ölkəsindən seçki prosesini izləməyə imkan verəcək".

Səmimi görüş üçün təşəkkürünü bildirən MDB PA-nın müşahidə missiyasının rəhbəri Oleq Lebedev bildirib ki, missiya üzvləri bir sıra seçki məntəqələrində seçkiyə hazırlığın vəziyyəti ilə yaxından tanış olub.

Məntəqələrin yüksək səviyyədə hazırlandığını bildirən O.Lebedev seçki ərəfəsindəki təbliğat kampaniyasının da beynəlxalq normalara uyğun olaraq keçirildiyini diqqətə çatdırıb.

Sonra Milli Məclisin sədri missiyaya daxil olan Ukrayna, Moldova, Qazaxıstan, Qırğızıstanın təmsilçilərinin suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə