10 ildə qazanılan uğurları gələcək 5 ildə də davam etdirək! FOTOLAR

YAP Binəqədi rayon təşkilatı Rəsulzadə qəsəbə sakinləri ilə görüş keçirdi
10 ildə qazanılan uğurları gələcək 5 ildə də davam etdirək! FOTOLAR

Yeni Azərbaycan Partiyası Binəqədi rayon Seçki qərargahı partiyanın prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Rəsulzadə qəsəbə seçiciləri ilə növbəti görüş keçirib.

Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, Azərbaycan xalqının taleyində əlamətdar bir günün - 9 oktyabr prezident seçkiləri astanasındayıq və inkişafa səs verərək, növbəti 5 ilin prezidentini seçəcəyik. O, rayon təşkilatı olaraq hər gün təbliğat-təşviqat kampaniyası çərçivəsində intensiv görüşlər keçirildiyini qeyd edib: "Rəsulzadə qəsəbəsində müxtəlif təbəqənin nümayəndələri var, ziyalı təbəqəsi isə əksəriyyət təşkil edir. Qəsəbə seçiciləri hər zaman xüsusi fəallıq nümayiş etdirməklə seçiliblər. Növbəti seçkilərdə də öz seçimlərini edərək, inkişafımıza səs verəcəklər".

Rayon təşkilat sədri çıxışında 1991-ci illə 2013-cü il arasındakı həyat tərzinin, yaşantıların, gerçəkliklərin müqayisə gəlmədiyini bildirib: "Ümummilli Liderin layiqli davamçısı olan Cənab İlham Əliyevin yüksək idarəçilik qabiliyyəti, siyasəti nəticəsində Azərbaycan daha da qüdrətlənib, inkişaf edib. Əldə olunan uğurlar aparılmış məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycan qüdrətli bir dövlətə çevrilib. Prezident İlham Əliyevin siyasəti sayəsində həyata keçirilən yeniləşmə, müasirləşmə nəticəsində ölkəmiz tamamilə yeni görkəm alıb. Ölkədə sabitlik, əmin-amanlıq, dinclik, insanların təhlükəsizliyi təmin edilib. Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlar və nailiyyətlər əldə olunub. Bütün reallıqlar Prezident İlham Əliyevin fəaliyyətinin nailiyyətləridir. İnanıram ki, xalqımız dövlətə sadiq olaraq 9 oktyabr prezident seçkilərində hamılıqla, mütəşəkkil şəkildə iştirak edəcək. Xalq güvəndiyi, arxalandığı Liderə Cənab İlham Əliyevə səs verəcək".

Tədbirdə çıxış edən millət vəkili Rafael Cəbrayılov Rəsulzadə qəsəbə sakinlərinin hər zaman Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etdiklərini bildirib: "Qəsəbədə seçici fəallığı çox yüksəkdir. Hər bir seçici demokratik dövlətin bizlərə verdiyi seçki hüququndan yüksək şəkildə yararlanmalıdır. O zaman insan özündə daxili rahatlıq hiss edir".

O, seçiciləri seçkidə fəal olmağa, vicdanın səsinə, əqlin diktəsinə qulaq asaraq, absurd vədlərə deyil, 10 ilin reallıqlarına, iqtisadi inkişafa səs verməyə çağırıb: "Azərbaycan son vaxtlar özünün tolerantlığı, humanitar məsələlərə diqqəti ilə beynəlxalq ictimaiyyətin və təşkilatların diqqətini cəlb edib. Azərbaycan beynəlxalq humanitar məsələlərə, dünya ictimaiyyətini düşündürən, narahat edən problemlərə töhfəsini vermək qüdrətindədir. Bu, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin məntiqi nəticəsidir".

Görüşdə çıxış edən seçicilər 9 oktyabrda seçki məntəqələrinə gələrək, dövlətimizin inkişafına, sabitliyinə - cənab İlham Əliyevə səs verəcəklərinə bildiriblər.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə