YAP Xətai rayon təşkilatı prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində zirvə görüşü keçirdi
Dünən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatında Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə zirvə görüşü keçirildi. Seçicilərlə görüşdə Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri, professor, "Şöhrət" ordenli İzzət Rüstəmov, Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov, akademik Nadir Seyidov və rayon ziyalıları iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov hər bir dövlətdə seçki prosesinin mühüm kampaniya olduğunu bildirdi. Qeyd etdi ki, Partiyamızın bu günə kimi seçicilərlə keçirilən görüşləri onu deməyə əsas verir ki, 9 okyabrda xalqımız hamılıqla prezidentliyə namizəd İlham Əliyevə səs verəcək. Xətai rayon təşkilatının sədri ümummilli lider Heydər Əliyev zəngin siyasi kursunun layiqli davamçısı, praqmatik siyasəti ilə xalqın inam və etimadını qazanmış İlham Əliyevin ölkəmizdə alternativsiz lider olduğunu bir daha vurğuladı. H.Mirələmov Xətai seçicilərinin hər zaman dövlətə və dövlətçiliyə sadiq olduğunu cənab İlham Əliyevə böyük dəstək nümayiş etdirərək prezident seçkilərində aktiv iştirakları ilə sübüt edəcəklərini söylədi.
"Ötən 10 ildə ölkəmizin qazandığı uğurlara diqqət yetirsək bu gun Azərbaycanın iqtisadi inkişafının hansı mərhələdə olduğunu görərik. Cənab Ilham Əliyevin son illərdə gördüyü işlər 9 oktyabr prezident seçkilərində qələbəsini şəksiz edib." deyən H.Mirələmov vurğuladı ki, bu gün cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin ana xəttini Azərbaycanı yüksək səviyyədə inkişaf etmiş ölkələr sırasına çatdırmaq təşkil edir. "Bu istiqamətdə hədəflər müəyyən edilib. Bu hədəflərə çatmaq naminə isə hər birinizi cənab İlham Əliyevə səs verməyə çağırıram."
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 5 oktyabr müəllimlərin peşə bayramı münasibətilə tədbirdə iştirak edən müəllimləri təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzuladı. İ.Həbibbəyli ulu öndərin siyasi kursunu layiqincə davam edən Azərbaycan Prezidenti
İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizin uğurlar əldə etdiyini bildirdi. Akademik, çıxışında təhsilə göstərilən diqqət və qayğını vurğulayaraq, təhsilin inkişafı ilə bağlı Dövlət Proqramlarına nəzər saldı. "Elm və texnikanın inkişaf etdiyi informasiya əsrində ictimai, iqtisadi və sosial həyatımızda hər gün baş verən dəyişikliklər təhsil sistemi qarşısında yeni vəzifələr qoyur. Bu gün dünyanın inkişaf etmiş ölkələrinin tərəqqi yoluna nəzər saldıqda görürük ki, təhsil, elmi-texniki tərəqqi həmin dövlətlərdə əsas yeri tutur. Azərbaycan gələcək inkişafını bu yolla qurub. Dövlətimizin təhsil siyasəti Azərbaycanın gələcək inkişafı üçün sağlam təməl formalaşdırıb. Bu siyasət çərçivəsində həm ölkədə təhsilin səviyyəsi qaldırılır, həm də bu sferada infrastruktur, maddi-texniki baza möhkəmləndirilir. Bütövlükdə, Prezident İlham Əliyevin həyata keçirdiyi təhsil siyasəti Azərbaycanı regionun intellektual mərkəzinə çevirir".
İ.Həbibbəyli vurğuladı ki, gələcək nəslin təhsilə yiyələnməsində, elmi müəssisələrdə çalışmasında, Azərbaycanın dünyaya inteqrasiyası prosesində təhsil işçilərinin rolu böyükdür, Azərbaycanın gələcəyi onun təhsili ilə sıx bağlıdır. "Təhsil ocaqlarının təmir və bərpası, yeni müəssisələrin istifadəyə verilməsi məhz təhsilə olan dövlət qayğısıdır. Bu, cənab İlham Əliyevin ölkədaxili siyasətinin nəticəsidir."
YAP Siyasi Şurasının üzvü İ.Həbibbəyli çıxışının sonunda seçiciləri seçkilərdə fəal olmağa, cənab İlham Əliyevə səs verməyə çağırdı.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri, professor, "Şöhrət" ordenli İzzət Rüstəmov son 10 ildə Azərbaycanın sürətlə inkişaf etdiyini və xalqımızın maddi rifah halının daha da yaxşılaşdığını vurğuladı. "Mən sizi bir ziyalı kimi Azərbaycanı uğurlu sabaha, gələcəyə aparan, xalqımızı bütün bəlalardan qoruyan cənab İlham Əliyevə səs verməyə çağırıram." Professor İ.Rüstəmov bildirdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi kurs Azərbaycanın inkişafının yeni mərhələsidir. "Cənab İlham Əliyevin son 10 ildə gördüyü işlər bunu deməyə əsas verir. Fəaliyyətinin hər anında milli mənafenin qorunması uğrunda mübarizə aparan cənab İlham Əliyev yalnız millətinin və dövlətinin rifahı uğrunda çalışır."
Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasov isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin uğurlu nəticələrindən danışdı. V.Abbasov bildirdi ki, cənab İlham Əliyev ölkəyə rəhbərliyə başladığı 2003-cü ilin oktyabrından daim ulu öndərin siyasi kursuna sədaqətini nümayiş etdirib, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və davam etdirib. Xalqımız və müstəqil dövlətimiz üçün
alternativsiz olan bu siyasi kurs dövlət başçısının uğurlu fəaliyyətinin başlıca amili sayılır. Professor vurğuladı ki, ölkədə həyata keçirilən mükəmməl islahatlar konsepsiyasının müəllifi kimi, Prezident İlham Əliyev iqtisadi inkişafın Azərbaycan modelini yaradıb. "Bu gün ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin getdikcə artması və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir."
YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlərin uğurla davam etdiyini bildirdi. Ölkəmizin dinamik inkişafından, Azərbaycanın son 10 illik sosial-iqtisadi inkişafındakı uğurlardan danışan V.Rəhimzadə görülən hər bir işin Azərbaycanın işıqlı gələcəyi, onun vətəndaşı üçün olduğunu diqqətə çatdırdı. "Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl işlər görülür. Prezident seçkiləri ilə bağlı ölkənin ictimai həyatında canlanma müşahidə olunur. Bunu da mən müsbət qiymətləndirirəm. Çünki hər bir inkişaf etmiş dövlətdə olduğu kimi, Azərbaycanda da insanlar öz taleyinə, dövlətinin taleyinə biganə yanaşmırlar və bu mənada prezident seçkilərinin əhəmiyyətini dərindən dərk edirlər."
V.Rəhimzadə vurğuladı ki, hər bir azərbaycanlının seçimi şübhəsiz ki, sabit, əmin-amanlığın hökm sürdüyü, dinamik inkişaf edən, dünya dövlətləri ilə rəqabət aparmaq gücündə olan bir dövləti və bu uğurları təmin edən siyasi kursu dəstəkləməkdir. YAP Siyasi Şurasının üzvü qeyd etdi ki, cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin Azərbaycana nə qədər böyük uğurlar qazandırdığını görməmək mümkün deyil. V.Rəhimzadə qarşıdan gələn 9 oktyabr prezident seçkilərində də xalqımızın cənab İlham Əliyevə böyük dəstək olacağını vurğulayaraq Xətai rayon ictimaiyyətinin seçkidə həmişə olduğu kimi, bu dəfə də aktivlik nümayiş etdirəcəyinə əminliyini ifadə etdi.
Tədbirdə Xətai rayon Ağsaqqallar Şurasının sədri Qurbanəli Əlizadə, rayon Ağsaqqallar Şurasının sədr müavini, professor Adil Babayev, Voleybol üzrə Azərbaycanın yeniyetmələrdən ibarət yığmasının baş məşqçisi Tatyana Karjova, "Şöhrət" ordenli, əməkdar idman xadimi Hicran Şərifov, Paralimpiya çempionu, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli Ramin İbrahimov və digərləri vurğuladılar ki, bu gün cəmiyyətimizdə haqlı bir düşüncə formalaşıb ki, müasir Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Azərbaycanın əldə etdiyi böyük
nailiyyətlər Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsinin məntiqi nəticəsidir. Çıxış edənlər bildirdilər ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çox mükəmməl bir siyasət həyata keçirilir, mükəmməl dövlət idarəçiliyi modeli formalaşıb. Azərbaycan bu gün bütün dünyanın hesablaşdığı güclü bir dövlətdir". Natiqlər bu uğurların davamlılığı üçün cənab İlham Əliyevə səs verəcəklərini vurğuladılar.
Orxan Vahidoğlu,
Vüsal Cahanov (foto), "İki sahil"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB