Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı hakim partiyanın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat və təşviqat kampaniyası çərçivəsində ilk dəfə səs verəcək gənclərlə görüş keçirib. SİA-nın məlumatına görə, görüşdə YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən Fikrət İsmayılov deyib ki, Prezident İlham Əliyev tərəfindən 2003-cü ildən etibarən həyata keçirilən siyasətin nəticəsi kimi 10 il ərzində Azərbaycan uğurlu inkişaf mərhələsi keçib: "Bütün görülən işlərin qarşılığı və bundan sonra da davam etdirilməsi üçün sizləri 9 oktyabrda keçiriləcək seçkilərdə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı İlham Heydər oğlu Əliyevə səs verməyə çağırıram".
Azərbaycanın gələcəyinin məhz gənclərin üzərində qurulduğunu deyən Tağı Əhmədov bildirib ki, gənclərin 9 oktyabrda ölkənin ən layiqli namizədinə səs verməsi isə Azərbaycanın gələcək inkişafına, tərəqqisinə verəcəyi töhfədir: "Təbii ki, Azərbaycan gəncliyinin seçimi, dəstəklədiyi yeganə namizəd Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev olacaq. Azərbaycan xalqının öz müqəddəratını növbəti 5 ildə də etibar edəcəyi namizəd Ulu öndər Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyevdir".
YAP Gənclər Birliyinin sədri Seymur Orucov isə diqqətə çatdırıb ki, Azərbaycan gəncliyi 9 oktyabr prezident seçkilərində tərəqqiyə, inkişafa və qurtuluşa səs verəcək: "Bu gün gənclərin hər bir sahədə inkişafı üçün kifayət qədər şərait yaradılıb. Onların təhsil səviyyəsinin yüksəldilməsi məqsədi ilə bir sıra dövlət proqramları uğurla həyata keçirilir. Ölkənin regionlarında gənclər mərkəzləri, olimpiya kompleksləri istifadəyə verilir, gənc alimlərin inkişafı üçün layihələr hazırlanır. Mən düşünürəm ki, Azərbaycan gəncləri bu dəfə də doğru qərar verəcək, parlaq gələcəyin təminatçısına- cənab İlham Əliyevə səs verəcəklər".
Daha sonra görüşə bədii hissə ilə yekun vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB