Azərbaycan seçicisinin seçimi bəllidir FOTO

Azərbaycan seçicisinin seçimi bəllidir FOTO

Oktyabrın 9-da keçiriləcək prezident seçkilərilə öncəsi Masallıda Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin təbliğat-təşviqat kampaniyası davam edir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində bu gün rayonun Kolatan və Türkoba kəndlərinin seçiciləri ilə görüş keçirilib. Görüşdə Masallı rayonundan millət vəkili seçilən Nəriman Əliyev və Elmira Axundova iştirak ediblər.

Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından bəhs edib: "Azərbaycan son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Hazırda Azərbaycan böyük dövlətlərin tərəfdaşıdır.Əminliklə söyləyə bilərəm ki, bu seçkilərdə də seçicilər Azərbaycanın gələcək inkişafı, firavanlığı naminə cənab İlham Əliyevə səs verəcəklər".

Sonra çıxış edən Millət vəkili Nəriman Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin müsbət nəticələrindən bəhs edərək, əldə edilən nəticələrin təqdirəlayiq olduğunu qeyd edib: "Hazırda sosial-iqtisadi inkişafın Azərbaycan modeli anlayışı aktual müzakirə predmetinə çevrilib. İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə bütün sahələrin inkişafını təmin edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti Azərbaycanı parlaq gələcəyə aparır. Hər bir Azərbaycan seçicisi ölkəmizin gələcək inkişafı, tərəqqisi üçün seçkilərdə aktiv iştirak etməlidir. Əminəm ki, bu seçkilər də möhtərəm Prezident İlham Əliyevin qələbəsi ilə nəticələnəcək".

Daha sonra Elmira Axundova çıxış edərək bildirib ki, İlham Əliyevin 10 illik hakimiyyəti dövründə Azərbaycan dövləti daha da inkişaf edərək regionun ən qüdrətli ölkəsinə çevrilib: "Ulu öndərin müdrik siyasətinin layiqli davamçısı olan cənab İlham Əliyev indi dünyanın ən nüfuzlu və güclü siyasi lideridir. Biz bir xalq, millət olaraq onunla fəxr edirik. İnanırıq ki, hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev yenidən ölkə prezidenti seçiləcək".

E.Axundova da seçiciləri qarşıdan gələn Prezident seçkilərində fəal olmağa, öz gələcəkləri naminə partiyamızın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.

YAP Masallı rayon təşkilatının seçki qərargahının üzvü Şirvan Əbilov, kənd ağsaqqallarından Mirqiyas Rzayev, Rəzzaq İsmayılov, Allahşükür Zeynalov və başqaları çıxış edərək İlham Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi diqqət və qayğıdan söz açaraq, seçkilərdə YAP-ın qələbəsinə əmin olduqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə