Ukraynada yaşayan soydaşlarımız dünya azərbaycanlılarına müraciət etdi
Ukrayna-Azərbaycan Biznes Şurası və Xarkov vilayətinin Azərbaycan-Ukrayna "Dostluq" cəmiyyəti dünya azərbaycanlılarına oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyən müraciət ünvanlayıb. SİA-nın məlumatına görə, hər iki təşkilatın müraciətində Ukraynada yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yürüdülən daxili və xarici siyasəti dəstəklədiyi qeyd olunur.
Ukraynadakı soydaşlarımız ölkəmizdə baş verən müsbət dəyişiklikləri görərək ölkənin gələcəyinə, onun möhkəmlənməsinə və Azərbaycanla digər ölkələrin dostluq əlaqələrinin genişlənəcəyinə inanırlar. Ukraynada yaşayan azərbaycanlılar öz müraciətlərində dövlət tərəfindən xaricdə yaşayan azərbaycanlılara göstərilən dəstək və qayğını yüksək qiymətləndirdiklərini, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində və Azərbaycanla Ukrayna arasında iqtisadi, mədəni əlaqələrin inkişafı istiqamətində görülən işləri dəstəklədiklərini də xüsusi vurğulayıblar.
Sonda isə Ukrayna-Azərbaycan Biznes Şurası və Xarkov vilayətinin Azərbaycan-Ukrayna "Dostluq" cəmiyyətinin üzvləri Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıları düzgün seçim etməyə və onları İlham Əliyevə səs verməyə səsləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB