Ukrayna azərbaycanlıları Birləşmiş Diasporu seçkilərlə bağlı bəyanat yayıb

Ukrayna azərbaycanlıları Birləşmiş Diasporu seçkilərlə bağlı bəyanat yayıb

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanatla çıxış edib. SİA-nın məlumatına görə, bəyanatda deyilir: "Biz - Ukrayna Ədliyyə Nazirliyində rəsmi qeydiyyatda olan, bu ölkədə fəaliyyət göstərən ictimai təşkilatlar, bu ilin oktyabr ayının 9-da Azərbaycan Respublikasının prezident seçkilərində tarixi vətənimiz olan Azərbaycanın iqtisadi inkişaf və siyasi sabitlikdən keçən parlaq gələcəyi naminə İlham Əliyevin namizədliyini dəstəkləyirik".

Ukrayna azərbaycanlıları inanır ki, İlham Əliyevin rəhbərliyi ilə inkişaf etməkdə olan Azərbaycanda insanların həyat tərzi daha da yaxşılaşacaq, gələcək nəsillərə hüquqi, demokratik və möhkəm dövlətçilik ənənələri olan, çiçəklənən Azərbaycan Respublikası ötürüləcək. Ən əsası isə soydaşlarımız ən yaxın zamanda Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına böyük ümid bəsləyir. Ukrayna azərbaycanlıları dövlətimizin gələcəyi naminə bütün soydaşlarımızı prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb.

Qeyd edək ki, Hikmət Cavadovun rəhbərliyi altında fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunda 20-dək Azərbaycan diaspor təşkilatı təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə