Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının birgə layihəsi olan "Qarabağ Araşdırmalar Mərkəzinin" açılış mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Respublikası Prezidenti Administrasiysı Siyasi təhlil və informasiya təminatı şöbəsini müdiri Elnur Aslanov, Azərbayacan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Milli Məclisin deputatı Qənirə Paşayeva, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun İcraçı direktoru Elçin Babayev, Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması idarə heyətinin üzvü, akademik Vaqif Fərzəliyev, Dövlət İdarəçilik Akademiyasının dosenti, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Analiyik-informasiya mərkəzinin müdiri Elçin Əhmədov, media nümayəndələri və başqaları iştirak ediblər.
Mərasimi açıq elan edən Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının əlaqələndirmə şurasının sədri Orxan Əkbərov mərkəzin yaranması ideyasından və qarşısında duran vəzifələrdən danışıb.
"Qarabağ Araşdırmalar Mərkəzi" Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun və obyektiv şəkildə çatdırılması, eləcə də bu sahədə çalışacaq alimlər və mütəxəssislər üçün elmi mərkəz kimi Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Qarabağ tarixinin, mədəniyyətinin araşdırılmasında çox mühüm rol oynayacaq.
Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov erməni qəsbkarlarının ağlasığmaz cinayətlərindən danışıb: "Hamıya bəllidir ki, ermənilər Azərbaycan xalqına qanlı faciələr yaşadıb. Bu faciələrin tarixi çox qədimdir. 1 milyondan çox əhalimizin qaçqın olmasının səbəbkarları yenə də erməni millətçiləridir. Onu deyə bilərəm ki, bizə qarşı edilən bu haqsızlıqlar dünya mətbuatında da işıqlandırılıb. Bu gün "Qarabağ araşdırmalar mərkəzi"nin açılması çox zəruri məsələdir. Azərbaycan alimlərinin, ziyalılarnın Qarabağ məsələsini beynəlxalq aləmdə təqdim etməsi də mühim məsələdir. Onu da deyim ki, "Qarabağ araşdırmalar mərkəzi"nin açılması öz müsbət nəticəsini verəcək. Bu da Qarabağa gedən yola bir sübutdur. Hər kəsin əsas məqsəd və arzusu torpaqlarımızın işğaldan azad olunmasıdır. Əminik ki, bu arzumuz da tezliklə həyata keçəcək".
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış edərək sözügedən layihənin vacibliyini dilə gətirib: "Ölkəmiz günü-gündən inkişaf edir. Beynəlxalq təşkilatların əsas diqqəti ölkəmizdədir. Yoxsulluğun səviyyəsi aşağı düşüb. Bu da Prezident İlham Əliyevin düzgün siyasətinin nəticəsidir".
Daha sonra millət vəkili Qənirə Paşayeva "Qarabağ araşdırmalar mərkəzi"nin açılmasına çox sevindiyini dilə gətirib: "Mən sevinirən ki, bu cür gözəl layihəyə imza atıblar və inanıram ki, bu cür layihələr digər universitetlərdə də nümayiş olunacaq. Bu araşdırma bir daha sübut edir ki, Ermənistan təkcə 20% torpaqlarımızı işğal etməyib, həmçinin yalan məlumatlarla dünya ictimaiyyətinə əsassız məlumatlar ötürür. Biz də çalışmalıyıq ki, öz tariximizi, ərazilərimizi mükəmməl öyrənək ki, doğruları düzgün formada çatdırmağı bacaraq. Eyni zamanda ölkəmizə gələn xaricilər də vətənlərinə qayıtdıqda bizim tariximiz haqqında məlumat öyrənmək istəyəcəklər. Bu araşdırma mərkəzi də bu işdə mühüm rol oynayacaq. İnanıram ki, bu mərkəz digər ölkələrin araşdırma mərkəzləri ilə fəal əməkdaşlıq edəcək. Azərbaycandan kənarda da Qarabağ haqqında doğru məlumatlar yayılacaq".
Qeyd edək ki, mərkəzdə bir sıra yerli və beynəlxalq ekspertlərin tədqiqat aparması üçün əlverişli şəraitin yaradılması və gələcəkdə digər ölkələrin Elmi Mərkəzləri ilə beynəlxalq əhəmiyyətli layihələrin həyata keçirilməsi qarşıya məqsəd olaraq qoyulub. Mərkəzdə Qarabağla bağlı bütün məlumatları özündə ehtiva edən elektron kitabxananın yaradılması və elektron materiallar üzərində işi asanlaşdırmaq üçün elektron kataloq tərtib edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB