“Respondentlərin 86,46 faizi Prezident İlham Əliyevi dəstəkləyir”

“Respondentlərin 86,46 faizi Prezident İlham Əliyevi dəstəkləyir”

Bu gün QHT Əməkdaşlıq Alyansı oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı apardığı monitorinqin yekun nəticələri ilə bağlı mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə ilk çıxış edən Alyansın həmsədri Rufiz Qonaqov bildirib ki, monitorinqin sentyabrın 12-dən başlayan ikinci mərhələsi artıq yekunlaşıb.

Onun sözlərinə görə, bu mərhələdə 5 regionda monitorinqlər aparılıb: "Ümumilikdə, 11 regionda 78 rayon əhatə olunub. Monitorinqdə ümumilikdə 19500 respondent iştirak edib. Monitorinqin aparılmasında əsas məqsəd əhalinin seçki hazırlığını müşahidə etmək, partiya və namizədlərin reytinqini müəyyənləşdirmək, onların hansı partiya və namizədə inandıqlarını təyin etmək olub".

R. Qonaqov vurğulayıb ki, Prezidentliyə namizədlərdən daha çox hansına inanırsınız sualına rəyi öyrənilən respondentlərin 86,46 faizi Prezident İlham Əliyevə inandıqlarını bildiriblər: "Respondentlərin 6,54 faizi "Milli Şura"nın vahid namizədi Cəmil Həsənliyə, 2,5 faizi Ümid Partiyasının sədri İqbal Ağazadəyə, 2,4 faizi BAXCP sədri Qüdrət Həsənquliyevə, 0,70 faizi ADP sədri Sərdar Cəlaloğluna, 0,44 faizi müstəqil namizəd Zahid Oruca, 0,43 faizi Ədalət Partiyasının sədri İlyas İsmayılova, 0,53 faizi isə digər namizədlərə inandıqlarını bildiriblər".

Həmsədr qeyd edib ki, bu bün seçkilər keçirilərsə, kimə səs verərdiniz sualına cavabda da Prezident İlham Əliyev böyük üstünlüklə irəlidədir: "Monitorinqə cəlb edilən 19 min 500 nəfərin 86,46 faizi, yəni 16 min 860 nəfəri "Prezident İlham Əliyevə səs verərdim" deyə cavab verib. Onlardan 6,54 faizi, yəni 1276 nəfəri isə Milli Şuranın namizədi Cəmil Həsənliyə, 2,5 faizi, yəni 487,5 nəfəri İqbal Ağazadəyə, 2,4 faizi, yəni 467.75 nəfəri isə Qüdrət Həsənquliyevə, 2,1 faizi, yəni 408.75 nəfər isə "Digər namizədlərə səs verərdim" deyə cavab verib".

Konfransın davamında Alyansın həmsədri Rəfail Becanov çıxış edib. O bildirib ki, aparılan monitorinq zamanı namizədlərin reytinqi ilə yanaşı siyasi partiyaların da yekun reytinqləri öyrənilib.

Onun sozlərinə görə, partiyaların reytinqində birincilik Yeni Azərbaycan Partiyasına məxsusdur: "Partiyaların fəaliyyətini dəyərləndirən respondentlərin 16 min 860 nəfəri, yəni 86,46 faizi YAP-ın fəaliyyətini daim müşahidə etdiklərini, bu partiyanın reytinqinin yüksək və üzvlərinin sayının çox olduğunu bildiriblər. Respondentlərin 2.640 nəfəri, yəni 13.54 faizi digər partiyaların fəaliyyətini yüksək qiymətləndiriblər".

Daha sonra çıxış edən Alyansın həmsədri Yadigar Məmmədli ölkədəki seçki mühiti ilə bağlı məlumat verib. Onun sözlərinə görə, 11 regionda aparılan monitorinq zamanı hər hansı qanun pozuntusu aşkarlanmayıb.

O qeyd edib ki, imzatoplama kampaniyası, namizədlərin qeydiyyatı kimi seçki təşviqatı prosesi də özünəməxsus və hər hansı problem müşahidə edilmədən keçirilib: "Namizədlərə seşki təşviqatı ilə bağlı 68 rayon mərkəzində mitinq və kütləvi tədbirlər keçirilməsi üçün açıq və qapalı yerlər ayrılıb".

Qeyd edək ki, QHT əməkdaşlıq Alyansı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "2013-cü il Prezident seçkisinin monitorinqinin aparılması və vətəndaş cəmiyyəti institutlarının prosesdə iştirakının təşkili" layihəsini həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə