Azərbaycan Musiqi Xadimləri İttifaqı İlham Əliyevi dəstəkləyən bəyanat qəbul edib
Bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Musiqi Xadimləri İttifaqının üzvləri bir araya gəliblər. SİA-nın xəbərinə görə, tədbirdə Azərbaycan Musiqi Xadimləri İttifaqının üzvləri, respublikamızın bir çox tanınmış musiqi xadimləri və mədəniyyət işçiləri iştirak edib.
Tədbirdə Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək bildirib ki, bu gün ittifaq üzvlərinin bura toplanmasının məqsədi qarşıdan gələn prezident seçkilərində hansı namizədi dəstəkləyəcəklərini müəyyənləşdirməkdir.
Sonra xalq artisti Əlibaba Məmmədov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 10 ildə qazandığı uğurlar bir zaman kimlərəsə yuxu kimi görünə bilərdi, amma görülən işlər bunun əksini deyir: "Bu gün müasir düşüncəli Azərbaycan övladı Prezident İlham Əliyevin ətrafında sıx birləşməli və reallıqlara açıq gözlə baxmalıdır. Azərbaycan Prezidenti İlham Əliyevin alternativi yoxdur və mən bir xanəndə olaraq onu dəstəkləyir, bütün həmkarlarımı xalqının etimadını əməlləri ilə qazanmış cənab İlham Əliyevə səs verməyə, onun ətrafında sıx birləşməyə çağırıram".
Daha sonra xalq artisti Xuraman Qasımova çıxış edərək bildirib ki, prezidentliyə layiq yeganə namizəd Prezident İlham Əliyevdir: "Hər bir Azərbaycan vətəndaşı öz qəlbində prezidentini seçib. Seçki günü qəlbimizdəki namizədə səs verməklə ona olan məhəbbətimizi bir daha nümayiş etdirəcəyik".
Xalq artisiti Ramiz Quliyev isə çıxışında vurğulayıb ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə 10 il ərzində çox böyük nailiyyətlər əldə edib: "Bir vaxtlar muğam yasaqlanma təhlükəsi ilə qarşılaşmışdı. Ancaq bu gün Azərbaycan muğamının səsi dünyanın hər yerindən gəlir. Bütün bunlar Prezident İlham Əliyevin muğama, ümumən isə mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində mümkün olub. Bütün bunları nəzərə alaraq prezident seçkilərində İlham Əliyevə səs verəcəyəm".
Daha sonra çıxış edən ittifaq üzvləri ölkədə mədəniyyətimizin inkişafı istiqamətində görülən işlərdən danışıblar. Bildiriblər ki, bu inkişafın davamlı olması üçün prezident seçkilərində İlham Əliyevə səs verəcəklər.
Tədbirin sonunda Azərbaycan Musiqi Xadimləri İttifaqı İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyən bəyanat qəbul ediblər.
Bəyantda deyilir:
Biz, Azərbaycan Musiqi Xadimləri İttifaqının üzvləri, 9 oktyabr 2013-cü ildə baş tutacaq növbəti prezident seçkiləri ərəfəsində keçirdiyimiz ümumi toplantıda səslənən çıxışlar, görkəmli sənət xadimlərinin rəyini nəzərə alaraq, hesab edirik ki, bu vəzifəyə ən layiqli namizəd – İlham Əliyevdir. Bu gün musiqi mədəniyyətimizin bütün dünyada tanınması və nüfuzunun yüksəlməsində, Azərbaycan musiqisinin bir tərəfdən milli ənənələr, digər tərəfədən dünya musiqi təcrübəsinin nailiyyətlərindən bəhrələnərək inkişaf etməsi və bugünkü səviyyəyə çatmasında İlham Əliyev cənablarının müstəsna rolu olub. Onun prezident olduğu müddətdə apardığı siyasət, musiqimizə və sənət xadimlərinə göstərdiyi diqqət və qayğı nəticəsində bu gün Azərbaycan dünyanın mühüm mədəni mərkəzlərindən birinə çevrilib.
Bunları nəzərə alaraq, biz toplantı iştirakçıları 9 oktyabrda keçiriləcək növbəti prezident seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyini yekdilliklə dəstəkləyir və bütün xalqımızı ona səs verməyə çağırırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB