YAP GB ilk dəfə səs verəcək gənclərlə görüşüb

YAP GB ilk dəfə səs verəcək gənclərlə görüşüb

Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı hakim partiyanın Gənclər Birliyi ilə birgə YAP-ın prezidentliyə namizədi Prezident İlham Əliyevin təbliğat və təşviqat kampaniyası çərçivəsində prezident seçkilərində ilk dəfə səs verəcək gənclərlə görüş keçirib.

Tədbirdə ilk çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva bildirib ki, prezident seçkilərində ilk dəfə səs verən gənclərin yaddaşında 9 oktyabr tarixi əziz xatirə günü kimi qalacaq.

Onun sözlərinə görə, son 10 ildə Azərbaycanın əldə etdiyi uğurlar onu göstərdi ki, Prezident İlham Əliyev hər bir azərbaycanlının prezidentidir: "Hər birimiz əminik ki, prezidentimiz ölkəmizi və vətəndaşlarımızı uğurlara aparır və bundan sonra da bu fəaliyyət davam edəcək. Siz ilk dəfə seçki məntəqəsinə gedərək səsinizi Azərbaycanın ən layiqli namizədi Cənab İlham Əliyevə verəcəksiniz. İstər hakim partiyanın üzvləri, istərsə də bitərəf şəxslər artıq 2 dəfə öz seçimini edib. Sadəcə biz vətəndaşlıq borcumuzu yerinə yetirərək, 9 oktyabr tarixində 3-cü dəfə seçimimizi rəsmi olaraq təsdiq edəcəyik. Bütün dünyaya birliyimizi nümayiş etdirərək, hamılıqla Prezident İlham Əliyevi dəstəkləyəcəyik".

Tədbirin davamında YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, 9 oktyabrda 18 yaşı tamam olan hər bir gənc öz konstitusion hüququndan istifadə edərək ilk dəfə prezident seçkilərində seçici qismində iştirak edəcək.

Onun sözlərinə görə, bütün Azərbaycan gəncliyi qurtuluşa, tərəqqiyə və inkişafa səs verəcək: "Azərbaycan bu gün inkişaf tempinə görə dünyada nümunəvi ölkəyə çevrilib. Ölkəmizdə elə bir sahə yoxdur ki, inkişaf etməsin. Azərbaycanda təkcə gənclər siyasəti bir çox Avropa dövlətlərini üstələyib. Ölkə başçısının sərəncamı ilə Prezident yanında Gənclər Fonduna vəsait ayrılıb, bir çox gənclər təşkilatlarının fəaliyyətinə yardım göstərilib. Ümumiyyətlə, ölkədə gənclərə xüsusi diqqət var. Ölkə başçısının gənclərə olan qayğısı nəticəsində kifayət qədər gənc xaricdə dövlət hesabına təhsil alır. Bütün bunlar gənclər tərəfindən yüksək qiymətləndirilir. Bu qiymətin nəticəsi olaraq bütün gənclər 9 oktyabrda, birmənalı olaraq Prezident İlham Əliyevə səs verəcək".

Tədbir bədii hissə ilə yekunlaşıb.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə