Yardımlıda təbliğat-təşviqat kampaniyası davam edir

Yardımlıda təbliğat-təşviqat kampaniyası davam edir

Yardımlıda Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin təbliğat-təşviqat kampaniyası davam edir. SİA-nın məlumatına görə, kampaniya çərçivəsində bu gün rayonun Alar və Arvana kəndlərində seçicilərlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev bildirib ki, YAP Azərbaycanın aparıcı, avanqard siyasi qüvvəsidir: "İstər sosial bazası, istərsə də təşkilati baxımdan YAP digər siyasi partiyalardan öndə gedir. Yeni Azərbaycan Partiyası ilə rəqabət apara biləcək siyasi qüvvə yoxdur. Azərbaycan gənc müstəqil dövlət olsa da, sürətlə inkişaf edir, bölgədə, dünyada yeri və rolunu möhkəmləndirir, beynəlxalq münasibətlər sisteminin aparıcı qüvvəsinə çevrilir. Bu gün Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınması da gerçəkdəşdirdiyi layihələrin nəticəsidir".

Kənd seçiciləri qarşısında çıxış edən YAP Yardımlı rayon təşkilatının sədr müavini Anar Alışov vurğulayıb ki, iqtisadi uğurları şərtləndirən əsas amillərdən biri də siyasi islahatlar, demokratikləşmə prosesinin sürətlə həyata keçirilməsidir: "Demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən əsas göstəricilərdən biri məhz ölkədə seçkilərin azad, şəffaf və dünya standartlarına uyğun keçirilməsidir".

Sonda hər iki təbliğatçı seçiciləri 9 oktyabrda aktiv olmağa və uğurlu gələcək naminə cənab İlham Əliyevə səs verməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə