Bakıda Qarabağ Araşdırmalar Mərkəzi açılacaq EKSKLÜZİV

Bakıda Qarabağ Araşdırmalar Mərkəzi açılacaq EKSKLÜZİV

Bakıda Qarabağ Araşdırmalar Mərkəzi açılacaq. Bu barədə SİA-ya Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin analitik-informasiya mərkəzinin müdiri Elçin Əhmədov məlumat verib. O bildirib ki, Dağlıq Qarabağın Azərbaycanlı İcması tərəfindən irəli sürülən ideyanın əsas məqsədi gənclərimizin Dağlıq Qarabağla bağlı maarifləndirməkdir.

Onun sözlərinə görə, Prezident Yanında İdarəçilik Akademiyasında fəaliyyət göstərəcək Mərkəzdə, Dağlıq Qarabağ həqiqətləri ilə bağlı bir sıra kitablar, məlumatlar yer alacaq: "Bundan əlavə, biz elektron kartateka yaratmaq niyyətindəyik. Dağlıq Qarabağla bağlı fond yaradılıb ki, orada 4 minə yaxın müxtəlif dillərdə kitablar toplanıb. Əsas məqsədlərimizdən biri həmin kitabları elektron kartatekaya yerləşdirməkdir. Bu, Azərbaycan üçün çox mühümdür. Dağlıq Qarabağ Azərbaycanlı İcmasının saytında Mərkəzlə bağlı ayrıca bir bölmə olacaq. Orada Ermənistanın işğalçılıq siyasətinə dair müxtəlif dillərdə buraxılan disklərə, kitablara rast gəlmək mümkün olacaq. Biz həmçinin Türkiyənin və digər ölkələrin araşdırma mərkəzləri ilə əməkdaşlıq etməyi də nəzərdə tutmuşuq. Bununla biz Dağlıq Qarabağın tarixi, mədəniyyəti, başımıza gətirilən müsibətləri, bir sözlər desək əsil həqiqətləri dünyaya çatdırmaq niyyətindəyik".

Bundan əlavə E.Əhmədov vurğulayıb ki, sabah akademiyada mərkəzin açılışı ilə bağlı geniş tədbir keçiriləcək. Onun sözlərinə görə, tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, diplomatik korpusun nümayəndələri və bir sıra ekspertlər iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə