YAP Səbail rayon təşkilatında seçicilərlə növbəti görüş keçirilib
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatında 9 oktyabr 2013-cü ildə ölkəmizdə keçiriləcək prezident seçkilərində, hakim partiyanın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti dəfə fəal seçicilərlə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə YAP-ın İdarə heyətinin üzvü, hakim partiyanın Səbail rayon təşkilatının sədri Zahid Qaralov, təşkilatın sədr müavinləri Hacan Hacıyev, Muxtar Nağıyev, YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Mehman İsmayılov və digər şəxslər iştirak edib.
YAP-ın İdarə heyətinin üzvü, hakim partiyanın Səbail rayon təşkilatının sədri Zahid Qaralov deyib ki, bu tədbirin keçirilməsində məqsəd seçicilərlə fikir mübadiləsi aparmaq və seçki qanunvericiliyinə uyğun iş görməkdir: "Bizim ən ümdə məsələmiz YAP-ın namizədi cənab İlham Əliyevi növbəti beş ildə də Prezident seçməkdir. Artıq YAP-a rəğbət bəsləyən insanlar bu istiqamətdə böyük işlər aparıblar. Amma bizləri istəməyən bəzi dairələr, pozucu qüvvələr ölkəmizə və cənab Prezident İlham Əliyevə qarayaxma, şər, böhtan atmaqla məşğuldur: "Hətta bu insanlar öz ləyaqətsizliklərini bütün dünyaya çatdırmaqdan belə çəkinmirlər. Onlar iddia edirlər ki, guya 44 faiz insan onlara səs verəcək. Həmin insanların özləri kimi, xaricdə də çürük beyinləri mövcuddur. Bununla belə həm Amerikada, (ABŞ) həm də Rusiyada ölkəmiz əleyhinə müxtəlif kampaniyalar aparılır. Hesab edirəm ki, bütün bunlar əbəs yerədir. Azərbaycan xalqı hər şeyi özü görür və bilir".
YAP Səbail rayon təşkilatının sədr müavini Hacan Hacıyev isə bildirib ki, Azərbaycan tarixinin müəyyən dövründə xoşgəlməz və ağır proseslər baş verib: "Həmin anda proqnoz vermək də çox çətin idi. Bu mürəkkəb şəraitdə SSRİ kimi böyük bir ittifaq dağıldı və onun tərkibində olan müxtəlif dövlətlər, respublikalar öz müstəqilliklərini elan etdilər. Azərbaycan dövləti də həmin respublikalardan biri idi. Lakin ölkəmizin müstəqillik dönəmi ərəfəsində qarşılaşdığı problemlər bənzərsiz idi. O ölkələr ki, SSRİ-nin tərkibindən çıxmışdılar həmin dövlətlərin özünəməxsus problemləri mövcud idi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi isə bütün bu problemlərin aradan qaldırılmasına səbəb oldu. Hazırda bu uğurlu siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Sonra professor Xatirə Bəşirli, Səbail bələdiyyəsinin nümayəndəsi Sərxan Əliyev və Kərim Qocayev çıxış edərək hakim partiyanın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində görülən işlərlə bağlı fikirlərini bölüşüblər.
YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Mehman İsmayılov isə diqqətə çatdırıb ki, 1990-cı illərin əvvəlləri ölkəmiz üçün çox ağır vəziyyət idi: "Həmin dövrdə şagirdlərin təhsil aldığı orta məktəblərin sinif otaqlarını qızdırmaq üçün heç bir şey yox idi. Bununla da biz öz təhsilimizi başa vururduq. Həmin dövrdə müxtəlif ölkələrdən İrandan, Türkiyədən, Səudiyyə Ərəbistanından Azərbaycana gələnlər özləri ilə hazır kadrlar aparırdılar. Amma bütün bunlar tamamilə geridə qalıb. Artıq ölkəmiz və təhsilimiz günü-gündən inkişaf edir. Mən bir gənc olaraq hər bir kəsi 9 oktyabrda ölkəmizdə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB