Seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində Zaqatalanın Qazangül ərazisində yerləşən futbol meydançasında "ZİRVƏ" toplantısı keçirilib
10 il möhtəşəm zirvədə

Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən İlham Əliyevin Zaqatala rayonu üzrə təbliğat qrupunun üzvlərinin iştirakı ilə rayonun Qazangül ərazisində "ZİRVƏ" toplantısı keçirilib. 10 mindən çox insanın iştirak etdiyi mitinq-görüşdə çıxış edən YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov Yeni Azərbaycan Partiyasının qələbələr partiyası olduğunu bildirib.

Qeyd edib ki, 1993-cü ildən bu yana Azərbaycanda keçirilən bələdiyyə, parlament və prezident seçkilərində xalqın mütləq əksəriyyətinin dəstəyini qazanan Yeni Azərbaycan Partiyası qələbə əldə edib: "Oktyabrın 9-da keçiriləcək prezident seçkilərində də prezidentliyə namizəd İlham Əliyevin qələbə qazanacağı şübhəsizdir. Çünki İlham Əliyevin 10 illik Prezidentliyi dövründə Azərbaycan böyük iqtisadi, siyasi uğurlara imza atıb. Azərbaycanın iqtisadi qüdrəti son 10 ildə 3,4 dəfə artıb. Ölkəmiz dünyada ən sürətlə inkişaf edən dövlətlərdən birinə çevrilib. Söz yox ki, bütün bu uğurlar ölkə Prezidenti İlham Əliyevin yürütdüyü məqsədyönlü, uzaqgörən siyasət nəticəsində əldə olunub".

H.Qurbanov uğurlu gələcəyin təminatçısı olan İlham Əliyevin daha 5 ilə prezident seçilməsi üçün seçicilərin fəallıq göstərməsinin vacib olduğunu bildirib. Əminliklə qeyd edib ki, sabahlarına biganə qalmayan seçicilər oktyabrın 9-u məntəqələrə gedərək, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verəcəklər.

"ZİRVƏ" toplantısında çıxış edən millət vəkili Kamilə Əliyeva Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsindən, iqtisadi inkişaf tempinə görə, dünyanın aparıcı dövlətlərlə bir sırada dayanmasından, regionun lider dövlət olmasından, ölkədə möhkəm əsaslara malik ictimai-siyasi sabitliyin yaradılmasından danışıb. Bildirib ki, ölkədə mövcud olan problemlər tədricən öz həllini tapmaqdadır: "Korrupsiyaya qarşı mübarizə tədbirləri gücləndirilib. Sistemli tədbirlər nətitcəsində korrupsiya sahəsində mövcud olan neqativ hallar aradan qaldırılır və ciddi nəticələr əldə olunur. Ölkədə vətəndaş cəmiyyəti inkişaf edir, milli həmrəylik möhkəmlənir".

K.Əliyeva Azərbaycanın tolerant ölkə kimi əksər ölkələrə nümunə olduğunu da bildirib. Eyni zamanda, qeyd edib ki, təhsil, səhiyyə sahəsində də respublikamızda yüksək nailiyyətlər əldə edilib: "Son 10 il ərzində 2500-ə yaxın ümumtəhsil məktəb, 500-dən yuxarı isə tibb müəssisəsi tikilərək, istifadəyə verilib. Yeni yollar çəkilir, körpülər tikilir - bir sözlə, həyatımızın bütün sahələrində yüksək uğurlara imza atılır".

Millət vəkili əldə olunan nailiyyətlərin davam etdirilməsi üçün seçiciləri fəal olmağa və 9 oktyabr seçkiləri günü məntəqələrə gedərək, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verməyə çağırıb.

Tədbirdə rayon ağsaqqalı Məhərrəm Məhərrəmov, YAP Zaqatala rayon təşkilatının qadınlar şurasının sədri Vəfa Süleymanova və digərləri çıxış edərək, xalqın inam yerinin İlham Əliyev olduğunu və 9 oktyabr seçkilər günü məntəqələrə gedərək, İlham Əliyevə səs verəcəklərini bildiriblər.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə