Oğuzlular İlham Əliyevə səs verəcəklər

Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatı rayonun Calut kənd seçicilərilə görüş keçirilib
Oğuzlular İlham Əliyevə səs verəcəklər

Dünən Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən İlham Əliyevin Oğuz rayonu üzrə Seçki Qərargahının nümayəndələrinin rayonun Calut kənd seçiciləri ilə növbəti görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov partiyanın namizədi Cənab İlham Əliyevin 10 illik prezidentliyi dövründə Azərbaycanın sosial, iqtisadi sahədə əldə etdiyi uğurlardan, diplomatik sahədə beynəlxalq aləmdə qazanılan nailiyyətlərdən danışıb.

Bildirib ki, aparılan düzgün, məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycan dünyanın iqtisadi mərkəzlərindən birinə çevrilib. Azərbaycanın qoşulmadığı və dəstək vermədiyi hər hansı bir regional layihə reallaşa bilmir. Bütün bunlar Azərbaycanın qüdrətli dövlətə çevrilməsindən xəbər verir.

S.Məhərrəmov Azərbaycanın inkişaf edən, demokratik bir dövlətə çevrilməsində Ulu Öndər Heydər Əliyevin bünövrəsini qoyduğu siyasətin mühüm rol oynadığını bildirib. Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla aparılmaqdadır: "Tam əminəm ki, xalqın seçimi bu dəfə də dəyişməyəcək. 9 oktyabr prezident seçkilərində qələbə yenə də bizim olacaq, xalqımızın olacaq. Çünki xalqımız inkişafın davamını istəyir".

Tədbirdə çıxış edən seçicilərdən Lətif Abbasov, Solmaz Əsədova, Soltananəli Xıdırov və digərləri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılan böyük uğurlardan, həyata keçirilən sosial layihələrdən və bütün bunların fonunda Oğuz rayonunda aparılan quruculuq-abadlıq işlərindən danışmışlar. Yekun fikir ondan ibarət olub ki, oğuzluların seçimi bu dəfə də dəyişməyəcək. 9 oktyabr prezident seçkiləri günü məntəqələrə gedərək, İlham Əliyevə səs verəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə