Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən prezidentliyə namizədliyi irəli sürülən İlham Heydər oğlu Əliyevin Xızı rayon üzrə Seçki Qərargahı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. SİA-nın verdiyi məlumata görə, kampaniya çərçivəsində rayonun gənc seçiciləri ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev bildirib ki, Azərbaycan xalqı gələcək 5 il üçün ölkənin müqəddəratını kimə həvalə edəcəyini artıq müəyyənləşdirib: "Xalqın seçimi cənab İlham Əliyevdir. Prezident İlham Əliyevin 10 il ərzində gördüyü işlər bunu deməyə imkan verir. Bu gün mədəniyyətlərin qovşağı olan Azərbaycan bütün dünyanın diqqət mərkəzindədir".
Azərbaycan dövlətinin həqiqətən də gənclərin arxasında olduğunu deyən sədr prezidentin göstərdiyi diqqət və qayğının gənclər tərəfindən yüksək qiymətləndirildiyini bildirib: "Təbii ki, birmənalı olaraq biz ölkə başçısının gənclərə olan diqqət və qayğısından tam razıyıq. Bu qayğı əməli işlərlə isbat olunub. Cənab Prezident gənclər üçün bütün yolları açaraq, onlara hər sahədə münbit şərait yaradıb. Son illərdə bütün regionlarda xeyli sayda idman qurğuları və gənclər mərkəzləri inşa edilir. Bunlar liderimizin gənclərə diqqətinin əsas nümunələrindən sayılır. Prezident İlham Əliyevin yürütdüyü gənclər siyasəti dünyaya nümunədir".
Daha sonra çıxış edən YAP Xızı rayon Gənclər Birliyinin sədri Jalə Hüseynova qeyd edib ki, ölkə rəhbəri cənab İlham Əliyev daima gənclərin problemləri ilə maraqlanır, onlarla vaxtaşırı görüşür, gənclərin dövlət işlərinə irəli çəkilməsinə xüsusi önəm verir: "Azərbaycanın gələcək inkişafında gənclərin rolu çox böyükdür. Çünki ölkə əhalisinin əksəriyyəti gənclərdir və onlar bütün sahələrdə çalışırlar. Ali məktəblərdə oxuyan gənclərin təqaüdləri qaldırılıb, digər məsələlər isə öz həllini tapır. Təhsili bitirdikdən sonra, əlbəttə ki, gənclər Azərbaycanda iqtisadi və digər sahələrdə olan imkanlardan səmərəli şəkildə istifadə etməlidirlər. İndi bu imkanlar var və gənclər bütün sahələrdə fəal iştirak etməli, cəmiyyətin fəal üzvləri olmalıdırlar".
Yeni Azərbaycan Partiyasının təşviqat qrupunun üzvü, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasəti 2003-cü ildən xalqın böyük etimadı ilə Prezident seçilmiş cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Ötən müddət ərzində bu istiqamətdə atılan addımlar, görülən işlər bunun əyani sübutudur. Məsələn, dövlət başçısı tərəfindən təsdiq edilən "Azərbaycan Gəncliyi Dövlət Proqramı" (2005–2009–cu illər) və "Azərbaycan Gəncliyi (2011–2015–ci illərdə) Dövlət Proqramı" gənclərin potensialından ölkəmizin mənafeyi naminə düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi istiqamətində böyük əhəmiyyətə malikdir. Həmçinin 5 min nəfər azərbaycanlı gəncin dövlət büdcəsi hesabına xarici ölkələrin nüfuzlu ali təhsil ocaqlarında oxuması da bu sahədə atılan addımlardan biridir. Hər bir Azərbaycan vətəndaşı əmindir ki, növbəti 5 ildə də İlham Əliyevin ölkəyə rəhbərlik etməsi Azərbaycanın növbəti illərdə nailiyyətlər qazanmasını təmin edəcək. Xalqın Ulu Öndər Heydər Əliyev siyasətinə, Prezident İlham Əliyevə inamı YAP-ın növbəti sınaqdan da üzüağ, qələbə ilə çıxacağını deməyə əsas verir. Bu gün hər bir azərbaycanlı bunun fərqindədir və cənab Prezidentə dəstək olur. Mən əminəm ki, bütün vətəndaşlarımız kimi, xızılı gənclər də oktyabrın 9-da ölkəmizin inamlı inkişafına-Prezident İlham Əliyevə səs verəcəklər".
Görüşün sonunda Xızı şəhər orta məktəbinin müəllimi Gültəkin Babayeva, Xızı rayon Fındığan kənd orta məktəbinin müəllimi Əsli Rzayeva çıxış edərək bildiriblər ki, prezident seçkilərində xalqını, vətənini, milli mənafeyini hər şeydən üstün tutan şəxsə- İlham Əliyevə səs verəcəklər. Sakinlər bir daha vurğulayıblar ki, Prezident İlham Əliyevin 10 il ərzində Azərbaycan xalqına xidməti danılmazdır.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB