Hövsanlılar hamılıqla Cənab İlham Əliyevə səs verəcəklər

Hövsanlılar hamılıqla Cənab İlham Əliyevə səs verəcəklər

Yeni Azərbaycan Partiyası Suraxanı Seçki Qərargahı prezidentliyə namizəd İlham Əliyevin təbliğat-təşviqat seçki kampaniyası çərçivəsində Hövsan qəsəbə seçiciləri ilə növbəti görüş keçirdi.

Görüşü YAP Suraxanı rayon təşkilatı qadınlar şurasının sədr müavini, təşviqat qrupunun üzvü Tünzalə Əliyeva açaraq qarşıda bizi yeni qələbələr, yeni uğurlar, yeni nailiyyətlərin gözlədiyini bildirdi. Növbəti nailiyyətimizin isə prezident seçkiləri olduğunu qeyd etdi:"Bildiyimiz kimi Yeni Azərbaycan Partiyası prezident seçkilərində Cənab İlham Əliyevin namizədliyini irəli sürüb. Xalqımızın mütləq əksəriyyəti partiyamızın bu qərarını dəstəkləyir və müdafiə edir. İnanıram ki, Cənab İlham Əliyevin növbəti əzəmətli qələbəsini qədirbilən xalqımız bir daha qeyd edəcək. Çünki xalq Ona inanır, İlham Əliyev isə xalqına güvənir".

T.Əliyeva qəsəbə sakinlərini prezident seçkilərində fəallıq göstərməyə, xalqımızı uğurlu gələcəyə aparan Cənab İlham Əliyevə səs verməyə çağırdı.

Görüşdə çıxış edən millət vəkili Sevinc Fətəliyeva bildirdi ki, Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev dünyada tanınan və böyük dövlət rəhbərləri tərəfindən qəbul edilən Liderdir: "Son 10 ildə Azərbaycanın güclü inkişafı, əldə etdiyi uğurlar, regionların inkişafı, millətin gələcəyini təmin edən təhsilə, mədəniyyət və səhiyyəyə göstərilən diqqət Cənab İlham Əliyevi xalqımızın sevimlisinə çevirib. Bu gün neftdən gələn gəlir digər sahələrin inkişafına yönəldilir. Xüsusilə, Azərbaycanın işıqlı gələcəyini təmin edən kadrların yetişdirilməsi məqsədilə gənclərin dövlət vəsaiti hesabına dünyanın tanınmış universitetlərinə göndərilməsi, bu sahəyə aid Dövlət Proqramının təsdiqi deyilənlərə əyani misaldır. Bütün seçiciləri gələcəyimizin təminatçısı, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Cənab İlham Əliyevə səs verməyə çağırıram".

Görüşdə çıxış edən seçicilər Əjdər Şəfiyev, Kəlpi İsgəndərov, Məzahir Heydərli, Hacı Xalid, Rəsmiyyə Səfərova və başqaları Cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını bildirdilər. Qeyd olundu ki, hövsanlılar həmişə Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq olublar və 9 oktyabrda da hamılıqla Onun layiqli davamçısı Cənab İlham Əliyevə səs verəcəklər.

Görüşə yekun vuran YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov ölkəmizdə aparılan siyasətin, dinamik inkişafın vətəndaşların rifah halının daha da yüksəlməsinə səbəb olduğunu bildirdi. Qeyd etdi ki, xalqımız son 10 ildə əldə olunan nailiyyətlərlə yanaşı, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş sabitliyin Prezident İlham Əliyev tərəfindən qorunmasını yüksək dəyərləndirir:"Cənab İlham Əliyevin apardığı çoxşaxəli siyasi fəaliyyət ölkəmizin siyasi-iqtisadi həyatında böyük uğurların əldə olunması ilə nəticələnib. Seçicilərimiz öz səslərini reallıqlara söykənərək Cənab İlham Əliyevə verəcəklər".

ZÜMRÜD

Bütün xəbərlər Facebook səhifəmizdə