Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən cənab İlham Əliyevin Gəncə şəhəri üzrə Seçki Qərargahının təbliğat – təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşü olub. SİA-nın Gəncə bürosunun verdiyi məlumata görə, görüş Mahrasa bağı yaşayış sahəsindəki meydanda keçirilib. Görüşdə YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, şəhər Təşkilatı İdarə Heyəti və Şura üzvləri, təbliğat – təşviqat qrupunun üzvləri, partiya fəalları, ictimaiyyətin nümayəndələri və seçicilər iştirak ediblər.
Azərbaycanın müqəddaratının həll olunduğu bütün ictimai – siyasi, tarixi dönəmlərdə həmişə mərdlik, mübarizlik, qətiyyət nümayiş etdirən gəncəlilər bu görüşə də mütəşəkkil şəkildə, böyük coşqu ilə toplaşaraq, istəklərini, rəylərini bildirməyə gəliblər. Ulu öndər Heydər Əliyev siyasi kursuna daim sadiq qalan seçicilərin söhbətlərindən belə qənaət yarandı ki, nəinki bu gün buraya toplaşanlar, həmçinin bütün şəhər sakinləri 9 oktyabr 2013–cü il Prezident seçkiləri gününü səbirsizliklə gözləyirlər ki, onlara hərtərəfli qayğı göstərən, yaşadıqları şəhərin inkişaf etməsi istiqamətində fərman və sərəncamlar imzalayan, insanların xoşbəxt həyatının qarantı olan sevimli Prezidentləri cənab İlham Heydər oğlu Əliyevə səs versinlər!
Tədbiri YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev açaraq, çıxışında ərazisinin 20 faizi düşmən işğalı altında olan, hələ də müharibə şəraitində yaşayan, dünya ölkələrinin böhran məngənəsində sıxıldığı bir vaxtda müstəqil Azərbaycanın böyük uğurlar qazanaraq, beynəlxalq aləmdə yüksək nüfuz sahibi olmasından bəhs edib. Bildirib ki, Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət nəticəsində ölkəmizin xarici və daxili gücü, ordu potensialı və iqtisadi inkişafı qələbələrimizi şərtləndirəcəkdir. Tezliklə düşmən tapdağı altında olan torpaqlarımız azad ediləcək və ərazi bütövlüyümüz təmin olunacaqdır.
Bu gün müstəqil Azərbaycan demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir. İqtisadiyyatın inkişaf etdirilməsi, insanların rifahının yüksəlməsi və ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində Azərbaycanın simasının daha da yaxşılaşdırılması, regionlarımızın inkişafının təmin edilməsi baxımından 2013-cü ilin böyük layihələr və nailiyyətlər ili olacağına əminik. Bütün bunlar bir daha sübut edir ki, Prezident cənab İlham Əliyev ümumbəşəri dəyərlərə əsaslanan özünəməxsus inkişaf kursu ilə, demokratikləşmə, davamlı və dayanıqlı iqtisadi tərəqqi, dünya birliyinə sürətli inteqrasiya, ölkənin potensialının güclənməsinə, dövlətçiliyin daha da möhkəmləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilmiş siyasəti ilə Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilməsi məqsədinə doğru inam və böyük uğurla aparır. Bu zəfərlərə doğru gəlin birlikdə addımlayaq! Azərbaycanı cənab İlham Əliyevin müdrik siyasəti ilə qələbələrdən qələbələrə aparaq!
"Ölkə Prezidenti cənab İlham Əliyevin misilsiz xidmətləri sayəsində bütün fəaliyyət sahələrində insanlara xidmət müasir tələblər səviyyəsində qurulub. Texnika, informasiya texnologiyaları, sosial şəbəkələşmə, dünyaya inteqrasiya artıq ailə, cəmiyyət çərçivəsindən çıxaraq, ümumbəşəri xarakter almışdır. Elə gözümüzün önündəcə bu gün keçirdiyimiz tədbir anbaan internetdə xəbər portalları vasitəsilə dünyaya yayımlanır. Evdə oturub Amerika, Fransa, İngiltərə və başqa ölkələrdə yaşayan qohumlarımızla, dostlarımızla danışa bilirik. Azərbaycanda hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 10 dəfə artaraq 70 - ə çatıb, Azərbaycan İran və Gürcüstan kimi ölkələrə internet xidmətləri ixrac edir. Fəlakətlərlə dolu 1990 – cı illəri yada salaq. Bakıda qanlı yanvar hadisələri baş vermişdi. Yeganə AzTV kanalının yerləşdiyi binada hər şey dağıdılmış, ölkə informasiya blokadasında idi. Heç yerdən xəbər tutmaq mümkün deyildi. Bu gün bütün rayonlarda qəzetlər nəşr olunur, telekanallar, internet fəaliyyət göstərir. Bu nümunəni Gəncədə də görmək mümkündür. Belə bir müasir şəraiti, imkanları, rahatlığı bizə bəxş edən ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli varisi cənab İlham Əliyevə yekdilliklə səs verəcəyik və hər zaman dəstəkləyəcəyik!" – deyə təşviqatçı qismində çıxış edən GDU–nun Ağsaqqallar Şurasının sədr müavini Eynəddin Məmmədov, Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü Qurban Qurbanov, AzMİ–nin tələbəsi Ramidə Məmmədova və başqaları nitqlərində vurğulayıblar.
Seçicilərdən Raqif Hüseynov, Ziyafət İsmayılova, Durna Dəsti və başqaları cənab İlham Əliyevə gördüyü işlərə, bəynəlxalq aləmdə apardığı uğurlu və uzaqgörən siyasətə görə təşəkkür edərək, hər kəsi Yeni Azərbaycan Partiyasının namizədinə səs vərməyə çağırıblar. Vurğulayıblar ki, doğma Vətənimiz Azərbaycan 22 ildir ki, dünya miqyasında ən sabit, inkişaf edən ölkələrdən biridir. Bu gün ölkəmizin sənaye və turizm mərkəzinə çevrilən Gəncə də Azərbaycanda olan sabitliyin, inkişafın bəhrələrini görür, firavan yaşayır. Şəhərin yaşayış massivlərində nümunəvi məhəllələr, parklar, xiyabanlar salınmış, fəvvarələr quraşdırılmış, idman meydançaları, əyləncə və istirahət mərkəzləri yaradılmışdır. Övladlarımızın gələcək taleyindən arxayınıq. Ölkəmizin vətəndaşlarının xoşbəxt yaşaması üçün bütün təsisatlar vardır. Məgər bunlar azdırmı? Dünyada "möcüzələr diyarı", "xariqələr ölkəsi" kimi tanınırıq. Bu firavanlığı, inamı bizə bəxş edən Vətənimizin mərd oğlu cənab İlham Əliyevə minnətdarıq və borcluyuq!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB