Bu gün Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsənovun diplomatik fəaliyyətimin başa çatması ilə əlaqədar rəsmi qəbul keçirilib. Mərasimdə diplomatik korpusun rəhbərləri, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, millət vəkilləri, dövlət strukturları və media nümayəndələri iştirak ediblər.
Qurumun baş katibi Ramil Həsənov mərasimdə bildirib ki, TÜRKPA Azərbaycanda akkreditasiyadan keçən diplomatik korpusdur: "TÜRKPA 2009-cu ildən etibarən fəaliyyət göstərir. Mənim qurumun baş katibi olaraq diplomatik korpusa rəhbərlik müddətim 1 oktyabr 2013-cü ildə başa çatacaq. Hazırkı TÜRKPA-nın yeni baş katibi Qazaxıstandan olan diplomat Jandof Afanovdur".
Ramil Həsənov gələcək planları haqqında da məlumat verərək söyləyib ki, irəlidə xeyli işlər mövcuddur: "Bildiyiniz kimi, 9 oktyabr 2013-cü il tarixində Azərbaycanda prezident seçkiləri keçiriləcək. TÜRKPA-nın beynəlxalq müşahidəçilər missiyası hər dəfə olduğu kimi, bu dəfə də ölkəmizdə keçirilən prezident seçkilərinin həm seçki öncəsini, həm seçki gününü, həm də seçkidən sonrakı prosesi monitorinq edəcək, bununla bağlı rəsmi rəyini hazırlayaraq beynəlxalq institutlara və ictimaiyyətə paylaşacaq".
Daha sonra Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini Qismət Gözəlov çıxış edərək Ramil Həsənovun bundan sonrakı yaradıcılığında uğurlar arzu ediblər və TÜRKPA-nın türkdilli ölkələr arasında yaxınlaşmanı daha da sürətləndirdiyini dilə gətiriblər.
Mərasimə bədii hissə ilə yekun vurulub.
Qeyd edək ki, Ramil Həsənov TÜRKPA-nın 29 sentyabr 2009-cu il tarixində Bakıda keçirilən ilk Plenar sessiyasında 4 illik müddətə qurumun ilk baş katibi seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB