YAP Səbail rayon təşkilatında gənclərlə görüş keçirilib

YAP Səbail rayon təşkilatında gənclərlə görüş keçirilib

9 oktyabr 2013-cü il tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) namizədi, cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Partiyanın Səbail rayon təşkilatında gənclərlə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə YAP İdarə heyətinin üzvü, hakim partiyanın Səbail rayon təşkilatının sədri Zahid Qaralov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, hakim partiyanın Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Fərəcov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Yusif Məmmədov və digər şəxslər iştirak edib.

YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Fərəcov deyib ki, istənilən dövlətin, respublikanın müstəqilliyinin çiçəklənməsi, inkişaf etməsi, sosial-iqtisadi vəziyyətinin güclənməsi və irəli getməsi üçün həmin dövlətin mütləq şəkildə sağlam düşüncəli gənclərə ehtiyacı var: "Sizlərin hər biri bir fərd olaraq sağlam düşüncəyə, əqidəyə, təfəkkürə malik gənclərsiniz. Bildiyiniz kimi, YAP-ın sonuncu qurultayında hakim partiyanın namizədi, cənab İlham Əliyevin biz gənclərə müəyyən tövsiyələri olub. Biz gənclərin də borcu Azərbaycan gəncliyinin inkişafı üçün o tövsiyələrə qulaq asmaq və riayət etməkdir. Biz artıq bilirik ki, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra yəni, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən istənilən siyasi proseslər, məhz Azərbaycan gənclərinin xeyrinə dəyişib".

YAP İdarə heyətinin üzvü, hakim partiyanın Səbail rayon təşkilatının sədri Zahid Qaralov isə söz alaraq bildirib ki, artıq bir neçə aydır ki, gənclər çox böyük işlərə imza atıb: "Belə ki, sizlər Prezident İlham Əliyevin həm paytaxt Bakıda, həm də ölkəmizin regionlarında aparılan təbliğat- təşviqat kampaniyasında yüksək fəallıq nümayiş etdirirsiniz. Sizdən əsas xahişimiz odur ki, üç müqəddəs borcunuzu yerinə yetirəsiniz. İlk növbədə, sizlərin 9 oktyabrda müəyyən olunmuş məntəqələrə gələrək, Prezident İlham Əliyevə səs verməli, ikincisi təbliğat- təşviqat kampaniyasını 9 oktyabra qədər davam etdirməlisiniz. Üçüncüsü isə sizlərin əsas borcu Ulu öndər Heydər Əliyevin formalaşdırdığı müstəqil Azərbaycanın son 20 ildə əldə etdiyi nailiyyətləri geniş şəkildə təbliğ etməkdir. Bu üç vəzifə hər birimizin borcudur".

YAP Gənclər Birliyinin sədri Seymur Orucov qeyd edib ki, əgər bizlər dünyaya, qonşu dövlətlərə nəzər salsaq görərik ki, onlar nəinki inkişafdan, hətta bəzi layihələri saxlamaqdan, sosial-siyasəti 50 faiz azaltmaqdan söhbət edirlər: "Amma bu gün Azərbaycan dövləti yalnız böyük layihələrin icrasına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Cənab Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdən hər il təqaüdlər, əməkhaqları getdikcə artmaqdadır. Bizim bütün dünya qarşısında öz sözünü deyən, böyük şəxsiyyətə malik cənab Prezident İlham Əliyev kimi liderimiz var. Azərbaycan xalqı, xüsusilə də ölkə gəncliyi onu ülvi məhəbbətlə sevir. Bu gün Azərbaycanın qəbul etdiyi qərarlar, bugünkü günə deyil, gələcəyimizə hesablanıb. Biz gələcəyimiz üçün də böyük işlər görürük. Bu layihələrin hamısının hədəfi növbəti 20-30 ilə hesablanıb. Prezident İlham Əliyev istəyir ki, ölkəmiz gələcəkdə bugünkü gücünün üç qatına sahib olsun. Bütün bunları nəzərə alaraq, bizlər gələcəyimizi yalnız cənab İlham Əliyevə əmanət etməli, ona səs verməliyik".

Daha sonra ADPU-nun rektoru Yusif Məmmədov və digərləri çıxış edərək son 10 il ərzində dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən söhbət açıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə