Naqif Həmzəyev: "İlham Əliyevin Prezidentlik dövrü bizim üçün böyük sərvətdir" FOTOLAR

Naqif Həmzəyev: "İlham Əliyevin Prezidentlik dövrü bizim üçün böyük sərvətdir" FOTOLAR

YAP Gəncə şəhər Təşkilatı qarşıdan gələn Prezident seçkilərində partiyanın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Kampaniya çərçivəsində seçicilərlə növbəti görüşlər bu gün saat 12:00–də Heydər Əliyev prospektində və həmin günü saat 17:00-də İsrafilbəyov küçəsində keçirilib.

Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, şəhər təşkilatı idarə heyəti və şura üzvləri, təbliğat–təşviqat qrupunun üzvləri, partiya fəalları, ictimaiyyətin nümayəndələri, seçicilər iştirak ediblər. Havanın yağmurlu olmasına baxmayaraq, seçicilər görüşlərə mütəşəkkil şəkildə gəliblər, onlar çox yüksək əhval-ruhiyyədə sevimli prezidentlərinə hörmət və məhəbbətlərinin tükənməz, yenilməz, qətiyyətlərinin sarsılmaz olduğunu bir daha sübut ediblər.

İlham Əliyevin Prezidentliyi dövründə qazanılan nailiyyətlərə istinad edərək YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev tədbirdə iştirak edən seçicilərə bildirib: "Cənab İlham Əliyevin Prezidentlik dövrü biz azərbaycanlılar üçün böyük bir sərvətdir". Heydər Əliyev siyasəti uğurla davam edir, yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən cənab İlham Əliyev müstəqil Azərbaycanın Prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. Cənab İlham Əliyev müəllifi ulu öndər Heydər Əliyev olan neft strategiyasının hazırlanmasında, bu siyasətin dünya meydanında uğur qazanmasında və gerçəkləşdirilməsində, həmin sahədə müxtəlif layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində fəal iştirak etmiş, ölkəyə investisiya axınında mühüm rol oynamışdır. Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusilə neft–qaz yataqlarınının birgə işlənməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə tarixi müqavilələrin, o cümlədən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının dünyaya inteqrasiyasında mühüm xidmətləri vardır. Bu cür uğurlara imza atmış cənab İlham Əliyevin yenidən prezident seçilməsini xalqımız bir tələb, sosial sifariş kimi irəli sürdü. İndi tam əminliklə demək olar ki, cənab İlham Əliyevin alternativi yoxdur, onun qələbəsi şəksizdir.

Əziz seçicilər, cənab İlham Əliyevə səs verin ki, bundan sonrakı firavanlığımız da davamlı olsun!"

Təbliğat–təşviqat qrupunun üzvlərindən YAP Gəncə şəhər Təşkilatının sədr müavini, AMEA-nın Gəncə Bölməsinin direktoru Fuad Əliyev, ADAU-nun dosenti Asif Həsənov, Tibb Kollecinin direktoru Niyazi İbrahimov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Gəncə şəhəhər şöbəsinin sədri Almaz Aşırov çıxışlarında Prezident seçkilərinin ölkənin tarixində böyük əhəmiyyəti olduğunu, seçkilərin ölkənin hansı yolla irəliləcəyini, xalqın öz gələcəyini kimə həvalə edəcəyini, bir sözlə aqibətinin necə olacağını müəyyənləşdirən məsul bir dövr olduğunu qeyd edərək: "Azərbaycan Prezidenti ölkəmizdə sülhün və sabitliyin qarantıdır! Gəncəlilər öz seçimlərini həmişə düzgün ediblər və bundan sonra da biz uğurlu və dinamik inkişafa səs verəcəyik!", deyiblər.

Yerli sakinlərdən AzTU - nun dosenti Tahir Abbasov və digər seçicilər çıxış edərək bildiriblər ki, biz gəncəlilər, bu sürətli tərəqqiyə, monolit birliyə, parlaq gələcəyimizə səs verəcəyik. Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevi növbəti 5 illiyə yenidən prezident seçəcəyik!

Eyni gündə İsrafilbəyov küçəsidəki meydanda keçirilən ikinci təbliğat–təşviqat görüşü də YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyevin çıxışı ilə başlayıb: "Ölkənin ən yüksək reytinqə malik siyasətçisi kimi cənab İlham Əliyevin bu seçkilərdə növbəti dəfə xalqın etimadını qazanacağı şübhə doğurmur. Azərbaycan Prezidenti bunu ötən 10 ildə gördüyü işlər, həyata keçirdiyi islahatlar və bütün sahələrdə əldə edilmiş inkişaf göstəriciləri ilə qazanıb. Odur ki, bu inkişafın davamlılığına səs verək! Cənab İlham Heydər oğlu Əliyevə səs verək!".

Görüşdə təbliğat – təşviqat qrupu üzvləri qismində çıxış edən YAP Gəncə şəhər Təşkilatının Şura üzvləri Tofiq Xəlilov, professor Mübariz Yusifov, GDU-nun baş müəllimi Eldar Mehdiyev ölkə başçısının gənclərə göstərdiyi qayğıdan, gənclər siyasətinin dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilməsindən, bu istiqamətdə aparılan islahatların və verilən qərarların nəticəsi olaraq, dövlət qulluqçuları arasında gənclərin sayının artmasından bəhs ediblər. Gəncə şəhərinin sakinlərini 9 oktyabr Prezident seçkilərində seçki məntəqələrinə gələrək, cənab İlham Əliyevə səs verməyə çağırıblar.

"Bu gün hərtərəfli dövlət qayğısı ilə əhatələnmiş Azərbaycan gəncliyi Heydər Əliyev ideyalarına sadiqdir və biz gəncəlilər, bundan sonra da dövlətimizin parlaq gələcəyi naminə, Vətənimizin inkişafı üçün böyük səylə çalışacaq, ölkədə sabitliyi pozmağa cəhd göstərən radikalların çağırışlarını qətiyyətlə rədd edəcək və arxalandığımız Prezident cənab İlham Heydər oğlu Əliyevin göstərdiyi etimadı doğruldacağıq!", – deyən seçicilər - Eldar Yolçuyev, Maysara Məmmədova, Şahlar Qəhrəmanov və başqaları "Var olsun, Azərbaycan xalqı və bu xalqı sevən, xalqı naminə böyük səylə çalışıb Azərbaycanı inkişaf etdirən cənab İlham Əliyev!" şüarı ilə bitiriblər.

Alqışlarla yekunlaşan YAP Gəncə şəhər təşkilatının 9 oktyabr Prezident seçkiləri ilə bağlı keçirilən növbəti təbliğat–təşviqat görüşləri bir daha Gəncə əhalisinin cənab İlham Əliyevə sevgisinin əyani təzahürü olub.

Süsən Tağıyeva, YAP Gəncə şəhət Təşkilatı

Bütün xəbərlər Facebook səhifəmizdə