Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Avropa Şurası ilə birlikdə "Nifrət Nitqinə Yox Hərəkatı" ("No Hate Speech Movement") adlı beynəlxalq forum keçirəcək. ARGTMŞ-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, forum Avropa Şurasının "No Hate Speech Movement" kampaniyası çərçivəsində 26-29 sentyabr 2013-cü il tarixlərində Bakıda reallaşacaq.
Forumun əsas məqsədi Azərbaycanda "Nifrət Nitqinə Yox Hərəkatı" kampaniyasının uğurla həyata keçirilməsini və inkişafını dəstəkləmək, Avropa Şurası və Azərbaycan arasında, eyni zamanda Avropa ölkələri milli koordinatorları arasında əməkdaşlığı gücləndirməkdir. Bu məqsədlə forumda Avropa Şurasından ekspertlər və proqramın milli koordinatorları iştirak edəcək.
Forum zamanı ekspertlərin və milli kordinatorların iştirakı ilə panel görüşləri və qrup işlərinin həyata keçirilməsi planlaşdırılır. Forumun yekununda keçirilən görüşlərin nəticələrinin müzakirə edilməsi, gələcək fəaliyyətlə bağlı fikir mübadiləsi və ölkələr arasında təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.
Bildirək ki, "No Hate Speech Movement" – "Nifrət Nitqinə Yox Hərəkatı" kampaniyası Avropa Şurası tərəfindən Gənclər Sektorunda 2012-2014-cü illər üzrə prioritet təşəbbüs kimi reallaşdırılmağa başlayıb.
Azərbaycan ARGTMŞ təmsilçiliyi ilə 2013-cü ilin aprel ayından etibarən Avropa Şurasının "No Hate Speech Movement" – "Nifrət Nitqinə Yox Hərəkatı"-na qoşulmuş və bu çərçivədə bir sıra fəaliyyətlər həyata keçirib.
Bunlar sırasına Beynəlxalq Gənclər Gününə həsr edilən Gənclər Həftəsi, "No Hate Speech Movement" – "Nifrət Nitqinə Yox Hərəkatı" fotosərgisi və bir sıra müxtəlif tədbirlər aiddir.
Xatırladaq ki, ARGTMŞ 2013- cü ilin aprel ayından etibarən Avropa Şurasının Gənclər üzrə Məşvərət Şurasının üzvü seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB