Şahin İsmayılov: “Gənclər ictimai-siyasi proseslərin önündə gedən qüvvədir” AÇIQLAMA

Şahin İsmayılov: “Gənclər ictimai-siyasi proseslərin önündə gedən qüvvədir” AÇIQLAMA

"Azərbaycanda gənclər siyasəti son 10 il ərzində olduqca böyük yol keçib. Bu hüquqi-normativ sənədlər baxımından da özünü açıq şəkildə göstərir. Buna misal olaraq, 2005-2009 və 2011-2015-ci illərdə Azərbaycan gəncliyinə dair qəbul olunan Dövlət proqramlarını, yaradıcı gənclərlə bağlı qəbul olunan sənədləri və s. göstərə bilərik. Gənclərin bu proqramların qəbul olunmasında bilavasitə iştirakı isə sevindirici hal kimi dəyərləndirilməlidir". Bunu SİA-ya Azərbaycan tələbə gənclər təşkilatları ittifaqının (ATGTİ) sədri Şahin İsmayılov son 10 il ərzində gənclər sahəsində əldə olunan nailiyyətlər haqqında danışarkən söyləyib.

Şahin İsmayılovun sözlərinə görə, praktikada da, gündəlik həyatımızda da gənclər siyasətinin ölkədə geniş şəkildə necə həyata keçirildiyinin şahidi olmuşuq: "Gənclər ölkədə ictimai-siyasi proseslərin önündə gedən qüvvədir. Azərbaycan gənci dünyanın orta statistik göstəricisi ilə iki dəfə artıq fəaldır. Son 10 il ərzində Azərbaycan gəncliyi kifayət qədər uğurlar qazanıb. Artıq ölkəmiz bir dövlət kimi nəinki dünya ictimaiyyəti tərəfindən tanınır, eyni zamanda regionun aparıcı aktorlarından birinə çevrilib. Bu gün regionda Azərbaycanın razılığı olmadan heç bir layihə həyata keçirilə bilməz. Biz bu uğurlarımızı, əldə etdiyimiz nailiyyətləri sadalasaq, hesab edirəm ki, kifayət qədər zaman tələb olunar. Bütün bu uğurları da Azərbaycan gəncliyi görür və təhlil etməyi bacarır. Heç şübhəsiz ki, ölkə gəncliyinin böyük əksəriyyəti 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində bu inkişafın davamına səs verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə