Prezident İlham Əliyev sabitliyin və tərəqqinin qarantıdır FOTO
Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatı hakim partiya tərəfindən namizədliyi irəli sürülən İlham Əliyevin təşviqat-təbliğat kampaniyası çərçivəsində Qalınçaq, İvanovka, Qalacıq, İstisu, Sumağallı, Basqal, Bizlan, Tircan kəndlərində keçirilən tədbirlərdə YAP Siyasi Şurasının üzvü Misir Mərdanov, ölkə başçısı İlham Əliyevin vəkili, millət vəkili Novruzəli Aslanov iştirak edib. SİA-nın məlumatına görə, tədbirlərdə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova çıxış edərək Prezident İlham Əliyevin ötən 10 ildə Ümummilli Liderin əsasını qoyduğu çoxşaxəli islahatları uğurla davam etdirərək yeni siyasi situasiyanın tələblərinə uyğun zənginləşdirdiyini, hər bir vətəndaşın mənafeyinə xidmət edən iqtisadi siyasət həyata keçirdiyini bildirib.
O qeyd edib ki, bu müddətdə Ulu Öndər Heydər Əliyev siyasi kursuna inam daha da möhkəmlənmiş, yürüdülən strategiyanın alternativsizliyi birmənalı etiraf olunub: "Prezident İlham Əliyevin "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir".
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Misir Mərdanov, millət vəkili Novruzəli Aslanov çıxış edərək qeyd ediblər ki, Prezident İlham Əliyev hələ 2003-cü ildə verdiyi bütün vədləri inamla həyata keçirib, ölkədə 1 milyondan çox iş yeri açılıb, çadır düşərgələri ləğv olunub, sosial problemlərin böyük qismi həllini tapıb, işsizliyin, yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm uğurlar əldə olunub: "Son 10 ilin ən mühüm göstəricilərindən biri də Azərbaycanın dünyada ən az borcu olan ölkələr sırasında qərarlaşmasıdır. Dünya ölkələrində baş verən iqtisadi böhranlar ölkəmizdən yan keçib, cənab Prezidentin siyasi səriştəsi nəticəsində respublikamızda daxili sabitlik və demokratik inkişaf baş verib. Ölkə başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerli və regional layihələr sayəsində Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə aparıcı dövlətlər sırasındadır".
Çıxışlarda o da vurğulanıb ki, 2003-cü ildən həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti iqtisadi islahatların dərinləşdirilməsi, mövcud potensialın gücləndirilməsi və ondan istifadənin səmərəliliyinin yüksəldilməsi əsasında ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığının təmin olunmasına, bu sahədə əldə olunan nailiyyətlərin daha da möhkəmləndirilməsi və artırılmasına xidmət edib.
Daha sonra çıxış edənlər qeyd ediblər ki, Prezident İlham Əliyevin son 10 ildə apardığı alternativsiz daxili və xarici siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan sürətlə inkişaf edir: "Yoxsulluğun və işsizliyin səviyyəsi xeyli dərəcədə aşağı düşüb. Ölkəmiz aparıcı beynəlxalq təşkilatların aparıcı səs hüquqlu üzvünə çevrilib. Bütün bunlara görə biz kənd sakinləri qarşıdan gələn seçkilərdə cənab Prezident İlham Əliyevə olan etibarımızı öz səslərimizlə bir daha sübut edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB