"Xəzəryanı dövlətlər arasında əməkdaşlıq inkişaf edir"

"Xəzəryanı dövlətlər arasında əməkdaşlıq inkişaf edir"

Bu gün Bakıda Xəzər dənizinin hüquqi statusu ilə bağlı Xəzəryanı dövlətlərin 33-cü toplantısı keçirilib. SİA-nın xəbərinə görə, konfransda Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, bu tədbir Xəzərin statusunun müəyyən edilməsinin inkişafına təkan verəcək: "Nümayəndə heyətlərinə bir daha xatırladım ki, Bakı sammitində imzalanmış, qəbul edilmiş təhlükəsizlik sahəsində əməkdaşlıq sazişinin ratifikasiya prosesinin başa çatdırılması işçi qrupları arasında iki və çoxtərəfli məsləhətləşmələrin əhəmiyyətli olmasına zəmin yaradacaq. Xəzərin hüquqi statusu və əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı bütün məsələlər qarşılıqlı hörmət, tərəfdaşlıq və dostluq ruhuna uyğun olaraq həllini tapa bilər. Eyni zamanda, Xəzər dənizinin mineral ehtiyatlarının istifadəsi, dibinin bölünməsi, ekoloji, bioloji resursların istifadə olunması və qorunması kimi vacib məsələlər statusla bağlı mövcud gündəlikdə durur. Bizim əsas səylərimizi bu məsələlər özündə cəmləşdirir. Xüsusilə qeyd etmək istəyirəm ki, bioloji resursların istifadə edilməsi və qorunması ilə bağlı saziş layihəsinin tezliklə razılaşdırılmasının başa çatdırılması, bu saziş layihəsinin qəbul olunması xəzəryanı ölkələrin qarşısında duran vacib və prioritet məsələlərdir. Onu da xüsusi qeyd etməyə dəyər ki, Xəzərin ekologiyasına həsr olunan konvensiyanın qəbul edilməsinin ildönümüdür. Bu sahədə Xəzəryanı dövlətlər arasında əməkdaşlıq inkişaf edir. Xüsusilə, bu konvensiyanın əlaqələndirməsini təmin edən katibliyin fəaliyyətə başlamasının prinsiplərinin razılaşdırılması Xəzəryanı ölkələrin ekoloji sahədə əldə etdiyi nailiyyətlərdən biri sayıla bilər. Xəzəryanı dövlətlər arasında çox səmərli əməkdaşlıq münasibətləri qurulub. Xəzər dənizində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi Xəzəryanı ölkələrin bilavasitə iştirakı və təşəbbüsü ilə həyata keçirilir. Bu əməkdaşlıq çərçivəsində əldə edilən nailiyyətlər bütün Xəzəryanı dövlətlərin mənafeyinə xidmət edir. Bundan sonra da ölkələrimiz arasında Xəzər dənizi çərçivəsində həyata keçirilməsi əməkdaşlıq, xüsusilə strateji xarakter daşıyan iqtisadi layihələr bütün Xəzəryanı ölkələrin və onların xalqlarının gələcək inkişafına imkan yaradacaq. Mən bir daha əmin olmaq istəyirəm ki, 33-cü iclas Xəzərin hüquqi statusunun müəyyən edilməsinin inkişafına təkan verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə