Baş redaktor: “Azadlıq” və “Yeni Müsavat” qəzetləri oxucu marağını ödəmir” MÜNASİBƏT

Baş redaktor: “Azadlıq” və “Yeni Müsavat” qəzetləri oxucu marağını ödəmir” MÜNASİBƏT

" "Azadlıq" və "Yeni Müsavat" qəzetləri əslində qarayaxma, şər, təhqir, söyüş, həqiqəti təhrif etməklə oxuculara hər şeyi öz mənafelərinə uyğun təqdim etməklə məşğuldurlar". Bu fikirləri SİA-ya "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov adıçəkilən iki müxalifət qəzeti arasında baş verən qalmaqallara münasibət bildirərkən deyib. O bildirib ki, daima mehriban düşmən vəziyyətində olan AXCP ilə Müsavat ana müxalifət adı uğrunda vuruşublar.

B. Sadıqov vurğulayıb ki, onlar müəyyən mərhələdə birləşir, lakin partiya və ya fərdi maraqlara gəldikdə düşmənə çevrilirlər: "Bu partiyaların əsas mövcud yeri onların qəzetləri olduğu üçün, aralarındakı mübahisə qəzetlərində öz əksini tapır. AXCP-ni "Azadlıq" qəzeti, Müsavatı isə "Yeni Müsavat" təmsil edir. Təbii ki, maraqlar, mənafelər toqquşanda onlar arasında mübahisə yaranır".

Azərbaycan müxalifətinin iflic halda olduğunu deyən baş redaktor vurğulayıb ki, iki müxalifət qəzeti arasında belə bir qalmaqalın olması gözlənilən idi: "Hazırda prezident seçkiləri ərəfəsində adıçəkilən qəzetlərin heç birinin lideri vahid namizəd kimi dəstəklənmədi. Onlar biyabırçı məğlubiyyətlərini dərk etdiklərinə görə, seçkiyə getmədilər. Elə bu səbəbdən də qəzet müstəvisində mübarizəyə keçərək bir-birindən qisas almağa başladılar. Mən buna çox təəssüf edirəm. Ona görə ki, qəzetin ilk işi operativ, qərəzssiz, gerçək informasiya toplayıb insanlara təqdim etməkdir. Təbii ki, onlar siyasiləşmiş qəzet olduğundan onların təqdim etdikləri informasiyalar hər zaman birtərəfli olub. Hazırda bu qəzetlər heç bir oxucunun marağını ödəmirlər. Bir tərəfdən iqtidara şər qoşmaq, digər tərəfdən isə bir-birilərini ifşa və biyabır etməklə məşğuldurlar ki, bu da jurnalistika ilə əlaqəsi olmayan bir məsələdir".

Bütün xəbərlər Facebook səhifəmizdə