Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Bərdədə 866 məcburi köçkün ailəsi üçün yeni salınan beşmərtəbəli 15 yaşayış binasından ibarət məhəllə ilə tanış olub. SİA-nın məlumatına görə, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir.
Məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin nəticəsidir ki, ölkədə çadır şəhərcikləri ləğv edilmiş, bu insanların hamısı müasir tipli qəsəbələrə köçürülüb. Onların maddi rifahının yaxşılaşdırılması üçün Dövlət proqramları qəbul edilib, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülüb.
Respublikanın bir çox yerlərində salınan bu qəsəbələr bir reallığı da ortaya qoyur ki, Azərbaycan dövləti hər zaman vətəndaşlarının qayğısına qalır, onların problemlərinin həlli dövlət siyasətinin mühüm istiqamətini təşkil edir. Bunu Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 866 məcburi köçkün ailəsi üçün Bərdədə salınan yeni məhəllədə yaradılan şərait də təsdiqləyir.
Bu kateqoriyadan olan insanlara göstərilən diqqət və qayğının təzahürüdür ki, son 10 ildə 1,5 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 61 müasir qəsəbə salınıb, 25,5 min ailə və ya 129 min nəfərdən çох məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bu da indiyədək yeni salınan qəsəbələrə köçürülənlərin 81 faizini təşkil edir. Yeni qəsəbələrin salınmasına Dövlət Neft Fondundan və digər mənbələrdən 1 milyard 547 milyon manat ayrılmışdır ki, bu da ümumilikdə bu məqsədlərə ayrılan vəsaitin 97,6 faizini təşkil edir. Yeni yaşayış komplekslərində 120 məktəb, 6 musiqi məktəbi, 33 uşaq bağçası, 37 tibb müəssisəsi, 34 klub-icma mərkəzi, 28 rabitə evi tikilib. Minlərlə kilometr uzunluğunda su, elektrik və qaz xətləri çəkilib.
Ümumiyyətlə, 2001-2013-cü illər ərzində Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılan vəsait hesabına 82 müasir qəsəbə salınıb, 33 min ailə və ya 159 min nəfərin mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Ümumilikdə 1993-2013-cü illərdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 4,3 milyard manat vəsait sərf olunub. Bu vəsaitin 2 milyard manatı dövlət büdcəsinin, 1,5 milyard manatı Dövlət Neft Fondunun və 800 milyon manatı isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir. Həmin vəsaitin 83 faizi, yaxud 3,6 milyard manatı son 10 ildə istifadə olunmuşdur. Məcburi köçkünlər arasında yoxsulluq həddi son 10 ildə 75 faizdən 15 faizədək azalıb. 2013-cü ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 1100 manat təşkil edir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstərici olmaqla, 2003-cü il ildəkinə nisbətən 9 dəfə çoxdur.
Dövlətimizin başçısı məhəllədə tikilən 280 yerlik uşaq bağçası ilə tanış olub.
Prezident İlham Əliyevə məlumat verən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, zəruri avadanlıqla təchiz olunan bağçada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınıb.
Azərbaycan Prezidenti bağçanın binasında görülən işlərlə, ayrı-ayrı otaqlarda yaradılan şəraitlə yaxından tanış olub. Uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Dövlətin uşaq siyasətinə hər zaman dəstək verən Heydər Əliyev Fondu da bu istiqamətdə vacib layihələr həyata keçirir.
Bağça ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verilib ki, binada tikinti işləri yüksək səviyyədə həyata keçirilib. Bağçada uşaqların istirahəti üçün hər cür şəraitin yaradıldığı qeyd olunub. Həyətyanı sahədə də abadlıq tədbirləri görülmüş, uşaqlar üçün xüsusi guşələr yaradılmış, müasir işıqlandırma sistemi qurulub.
Sonra Prezident İlham Əliyev 540 yerlik Ağdam rayon 1 nömrəli məcburi köçkün tam orta məktəbində yaradılan şəraitlə tanış olub. Məktəbin foyesində Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə qayğısını və Ağdamdan olan məcburi köçkünlərlə görüşünü əks etdirən fotostendlər quraşdırılıb. Burada, həmçinin indiyədək istifadəyə verilən yeni qəsəbələrin fotostendləri də qurulmuşdur.
Dövlətimizin başçısı məhəllənin baş planı ilə tanış olub. Bildirilib ki, bu məhəllə Prezident İlham Əliyevin 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na Azərbaycan Prezidentinin 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilən əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunub. Bura 866 ailə və ya 3900 məcburi köçkün köçürüləcək. Həmin ailələrin 700-ü Ağdam, qalanları isə digər rayonlardan olan məcburi köçkünlərdir. Məhəllənin ərazisi 16 hektardır. Mənzillərin 70-i birotaqlı, 430-u ikiotaqlı, 325-i üçotaqlı, 25-i isə dördotaqlıdır. Burada klub-icma mərkəzi, tibb məntəqəsi və ATS tikilib. Su, elektrik və qaz təchizatı şəbəkələri Bərdə rayonunun kommunikasiyalarına qoşulub. Yeni məhəllə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə inşa olunub.
Məhəllənin tikintisinə 2012-ci ilin fevralında başlanılmış və bu ilin sentyabrında başa çatdırılıb. Məktəblə tanışlıq zamanı qeyd olunub ki, yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlığı ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət edir. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə özünəməxsusluğu ilə diqqəti çəkir.
Dövlətimizin başçısı daha sonra Ağdam rayonundan məcburi köçkün, şəhid ailəsi Səfurə Hüseynovanın mənzilində olub. Ailə üzvlərinin sayı beş nəfərdən ibarət olan Səfurə Hüseynovanın mənzili üçotaqlıdır. Burada ailənin yaşaması üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev çay süfrəsi ətrafında ailə üzvləri ilə söhbət edib. Ev sahibi məcburi köçkünlər üçün yaradılan bu gözəl şəraitə görə dövlət başçısına təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB