Əkbər Qoşalı: "Türk xalqlarının inteqrasiya prosesində ortaq türk əlifbasının mövcudluğu mühümdür"

Əkbər Qoşalı: "Türk xalqlarının inteqrasiya prosesində ortaq türk əlifbasının mövcudluğu mühümdür"

Atatürk Mərkəzinin İctimai-Siyası Şöbəsinin müdiri Əkbər Qoşalının SƏS TV-yə müsahibəsi:

- Əkbər müəllim, ortaq türk əlifbasının yaradılması prosesi getdikcə uzanır. Bu nə ilə bağlıdır?

- Belə bir mövzuya toxunduğunuz üçün sizə ilk öncə öz təşəkkürümü bildirirəm. Sözsüz ki, türk xalqlarının inteqrasiya prosesində ortaq türk əlifbasının mövcudluğu mühüm amillərdən biridir. Bildiyimiz kimi, bir sıra müstəqil türk dövlətləri mövcuddur. Onların hər birinin ayrı-ayrılıqda özünəməxsus gerçəklikləri və tarixi var. Tarixi vərəqləsək görərik ki, Türkiyə Cumhuriyyəti istisna olmaqla, digər hazırki müstəqil türk dövlətləri tarixin müxtəlif dövrlərində əsarət altında olmuşdur. Sözsüz ki, bu da onların mədəniyyətinə, eyni zamanda dilçiliyinə öz təsirini göstərib. Bu kimi səbəblərin mövcud olduğu şəraitdə biz ortaq türk əlifbasının yaranma prosesinin gecikməsini anlayışla qarşılamalıyıq. Azərbaycan, o cümlədən digər türk dövlətləri bildiyimiz kimi, 21 il SSR-nin tərkibində olub. Ötən illər ərzində bizim dil baxımından birlik nümayiş etdirməyimiz mümkün olmadığından, bu sahədə nəzərə çarpacaq dərəcədə gerilik müşahidə olunur. Lakin bir sıra alimlər tərəfindən akademik səviyyədə müəyyən araşdırmalar olub. Məsələn, Özbəkistanın məşhur alimi Bəxtiyar Kərimov ortaq türk dili yaradıb. Mənim və dostlarımın səyləri nəticəsində onun bir sıra dəyərli fikirləri mətbuatda geniş şəkildə işıqlandı. Mən deyərdim ki, ortaq türk əlifbasının yaranması ilə bağlı başlıca çətinliklərin bir qismi aradan qaldırılıb. Az öncə də qeyd etdiyim kimi, bu proses alimlər tərəfindən araşdırılaraq müəyyən nəticəyə gəlinib, siyasi baxımdan da öz həllini tapıb. Yəni türk dövlətlərindən heç biri buna öz etirazını bildirmir. Sözügedən ölkələrin nazirlikləri səviyyəsində məsələ geniş şəkildə müzakirə olunub, bir sıra önəmli görüşlər keçirilib. Mövzu ilə əlaqədar məsələyə, Prezident İlham Əliyevin "Azərbaycan dilinin qloballaşan dünyada qorunması" adlı sərəncamında da toxunulub. Mən hesab edirəm ki, bu addımın atılması türk soyu daşıyan bir dövlətin rəhbərinin türkçülüyə verdiyi yüksək dəyərdən irəli gəlirdi. Mən arzu edərdim ki, Cənab İlham Əliyev kimi, digər türksoylu dövlətlərin başçıları da mövzu ilə əlaqədar konkret addımlar atsın.

-Türkdilli ölkələr arasında mövcud olan inteqrasiyanı qənaətbəxş hesab etmək olarmı?

- İnkişaf tempinə nəzər salsaq müəyyən dərəcədə uğurların mövcudluğundan söhbət açmaq olar. Buna misal olaraq, Türk Dövlətlərinin Zirvə görüşünü və türk dövlətlərinin birgə yaratdığı bir sıra təşkilat və qurumları misal göstərmək olar. Bildiyiniz kimi, 4 türk dövlətinin razılığı əsasında ortaq türk bayrağı yaradılıb. Bu hadisənin özünü də türk dövlətlərinin birləşməsi yönündə tədqirəlayiq hesab etmək olar. Göründüyü kimi, əldə edilən ortaq qərarlar müstəqil türk dövlətləri arasında çoxluq təşkil edir. Lakin unutmayaq ki, müstəqil türk dövlətləri ilə yanaşı, qeyri-müstəqil türk xalqları da mövcuddur. Mən arzu edərdim ki, bu ortaq qərarlar onlara da şamil olunsun. Çünki türk dünyası dedikdə, gözümüzün önündə geniş məkanı əhatə edən ərazi canlanır. Biz digər dövlətlərin əsarətində olan türk xalqlarına da sahib çıxaraq, onların inteqrasiya prosesində sürətli olmaları üçün əlimizdən gələni əsirgəməməliyik. Çox təəssüf ki, bu gün sayı azalmaqda olan, hətta məhvə doğru gedən bir sıra türk tayfaları var. Onlar digər əsarətində olduqları dövlətin təsiri altında qalaraq, öz mədəni irsini, türk olduqlarını unuda bilərlər. Biz bu kimi xalqlara yaxından köməklik göstərməli, onların da inteqrasiya prosesində iştirak etmələrinə şərait yaratmalıyıq.

- Bəzi türkdilli dövlətlərin Ermənistanı işğalçı dövlət kimi tanımamasının səbəbi nədir?

- Toxunduğunuz sual olduqca təəssüf doğurur. Soyu belə bizdən olmayan bir sıra dövlətlərin bizi dəstəklədikləri halda, qanı qanımızdan olan öz qardaşlarımız bu məsələdə işğalçı bir dövlətin mövqeyini bizdən üstün tutaraq, bizim dərdimizə biganə yanaşırlar. Təbii ki, bu onların dövlət rəhbərlərinin yürütdüyü siyasətdir. Lakin həmin dövlətlərdə yaşayan türksoylu xalqların bu kimi siyasətə qarşı çıxmaması daha ürək dağlayacaq məqamdır. Bu kimi dövlətlərlə yanaşı, eyni zamanda bizi dəstəkləyən türk dövlətlərini də misal göstərə bilərik. Bizim ən böyük dəstəkçimiz qardaş Türkiyədir. Onların yürütdüyü siyasət hər zaman Azərbaycanın ərazi bütövlüyünün bərpasına yönəlib. Qardaş ölkə hər zaman beynəlxalq təşkilatlarda ermənilərin Azərbaycan torpaqlarını işğal etdiklərini bəyan edib. Digər qardaş ölkələrdən olan Özbəkistanın son illərdə dövlətimizə verdiyi dəstəyi də tədqirəlayiq hesab etmək olar. Biz də türksoylu xalq olaraq heç bir türk xalqının, qardaşlarımızın problemlərinə biganə yanaşmamışıq. Eyni zamanda nəinki türk, hətta dünyada mövcud olan istənilən xalqa qarşı edilən haqqsızlıqlara öz etirazımızı bildiririk.

Bütün xəbərlər Facebook səhifəmizdə