Aydın Mirzəzadə: "Ermənilərin ölkələrini tərk etməsi, erməni dövlətinin xəritədən silinməsinə gətirib çıxaracaq "

Aydın Mirzəzadə: "Ermənilərin ölkələrini tərk etməsi, erməni dövlətinin xəritədən silinməsinə gətirib çıxaracaq "

Yeni Azərbaycan partiyası Siyasi Şurasının üzvü, Millət vəkili Aydın Mirzəzadənin SƏS TV-yə müsahibəsi:

- Aydın müəllim, sizə də məlumdur ki, Sarkisyanın Rusiyaya səfərindən öncə belə bir məlumat yayılmışdı ki, Putin Ermənistana səfər edəcək. Sizcə, onların belə bir yanlış ifadə səsləndirməsinin pərdəarxası məqamları nədir?

- Mən hesab edirəm ki, ilk növbədə dövlətin nüfuzundan çox şey asılıdır. Bir müddət öncə Rusiya dövlət başçısının Azərbaycan səfəri, Ermənistanın isə sadəcə olaraq Moskvaya çağrılması hər iki dövlətin Rusiya üçün nə dərəcədə əhəmiyyət daşıdığını göstərən ən başlıca məqamdır. Ermənistan bu gün nə siyasi, nə də iqtisadi cəhətdən Rusiya üçün önəmli yer tutmur. Sözügedən dövlət Azərbaycanla etdiyi müharibə nəticəsində iqtisadi potensialı məhv olan bir ərazini xatırladır. Sarkisyanın Rusiya səfərində isə birmənalı şəkildə müzakirə olunacaq mövzu, onun Vahid Gömrük İttifaqına qoşulması məsələsi idi.

- Sizcə, Ermənistanın Vahid Gömrük İttifaqına qoşulması Rusiyanın Ermənistan üzərində hakim mövqe tutmasını artıracaq və ya əksinə olaraq azaldacaq?

- Diqqətinizə çatdırım ki, bu mövzu ilə əlaqədar həm Ermənistan, həm də Rusiya mətbuatında çoxsaylı yazılar dərc olunur. Həmin yazıları incələdikdə aydın olur ki, mövcud vəziyyət sadəcə olaraq rəsmiləşdirildi, yəni Ermənistanın Gömrük İttifaqına qoşulmaqdan başqa seçimi yox idi. Doğrudur, Ermənistan ikili siyasət yeridərək Avropa İttifaqı ilə uzun müddətdir ki, danışıqlar aparırdı. Lakin Ermənistanın Avropadan daha çox Rusiyaya tərəf yönəlməsi, o cümlədən Vahid Gömrük İttifaqına qoşulması gözlənilən bir hal idi. Buna səbəb yaradan amillərdən biri də onun Rusiya iqtisadiyyatına bağlı olmasıdır. Əgər Ermənistan bu addımı deyil, fərqli bir addım atsaydı, iqtisadi dayaqlarından məhrum olacaqdı. Digər tərəfdən, Ermənistan xarici siyasətdə birmənalı olaraq Rusiyanı dəstəkləyir. Bu baxımdan onun Avropa İttifaqının siyasət kursuna uyğun hərəkət etməsi gözlənilən hal deyil. Həmçinin Ermənistanın bu gün hərbi blok kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması onun təbliğat xarakterli olasa da, Vahid Gömrük İttifaqına qoşulacağından xəbər verirdi. Ermənistan İqtisadiyyatının Rusiyadan asılılığı və orada Rusiyanın hərbi bazasının olması sözügedən ölkəni hər cəhətdən Rusiyanın hökmranlığl altına salır. Təbii ki, bu durum da Rusiya üçün olduqca əlverişlidir. Eyni zamanda belə bir vəziyyətdə Ermənistanın nə itirəcəyi, nə də qazanacağı bir şey yoxdur. Lakin hesab edirəm ki, belə bir vəziyyət istənilən müstəqil dövlət üçün ən ağır ittihamdır.

- Aydın müəllim, Sarkisyanla Putin arasında Dağlıq Qarabağ münaqişəsi istiqamətində danışıqlar oldu. Sözügedən danışıqlarda Putin ona bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı güzəştlərin olması zəruridir. Sizcə, Sarkisyan güzəştə gedəcəkmi?

- Mən deyərdim ki, Ermənistan rəhbərliyinin hər hansısa müstəqil fikrindən danışmağa dəyməz. Ermənistan müstəqil olduğu dönəmdən bu günə qədər müəyyən xarici ölkələrin və erməni diasporlarının təsiri ilə hərəkət edən bir dövlətdir. Eyni zamanda Dağlıq Qarabağ problemi Ermənistan üçün ən ağır problemlərdən biridir. Lakin hesab edirəm ki, Dağlıq Qarabağla bağlı məsələdə kənar qüvvələrin rəyindən çox şey asılıdır. Rusiya prezidentinin güzəştlə bağlı səsləndirdiyi fikrə gəldikdə isə, təbii ki, biz onun belə bir mövqedən çıxış etməsini alqışlayırıq. Azərbaycan tərəfi bu gün Ermənistandan onun ərazi bütövlüyünə hörmət etməyi, beynəlxalq hüquq normalarına əməl etməyi tələb edir.

- Sizcə, Ermənistanda çoxsaylı problemlərin olmasına baxmayaraq, niyə sosial partlayış olmur?

- Bildiyimiz kimi, Ermənistanda iyirmi minə qədər böyrək köçürməsi olub. Buna səbəb isə Ermənistan vətəndaşlarının tamamilə müflis vəziyyətə düşməsi, satacağı heçnə qalmadığından, son olaraq orqanını satması məcburiyyətində qalmasıdır. Sosial partlayışın baş verməməsinə səbəb isə narazı kütlənin heç bir etiraz nümayiş etdirmədən sadəcə olaraq ölkəni sakit tərzdə tərk etməsidir. Ermənistan vətəndaşlarının ölkəni kütləvi tərk etməsi, erməni dövlətinin xəritədən silinməsinə gətirib çıxaracaq. Doğrudur, orada sosial partlayış baş vermir, lakin dövlət ən zəruri kapitalı olan insan kapitalından məhrum olur. İnsanlar Ermənistanda yaşamaq, buraya investisiya qoymaq istəmirlər. Bu da təbii ki, 30 ildən sonra Ermənistanın bir dövlət kimi məhv olmasına gətirib çıxaracaq. Ermənistanın belə bir acınacaqlı duruma düşməsinə səbəb isə onun qonşu dövlətlərlə yaxşı münasibətdə olmaması, başlıca olaraq da Azərbaycana qarşı torpaq iddiası irəli sürməsidir.

- Suriyada mövcud vəziyyətə toxunmaq istərdim. Sizcə, orada baş verən proseslər nə ilə nəticələnəcək?

- Mən deyərdim ki, Suriyada baş verən hadisələr, ümumulikdə Ərəb dünyasında baş verən hadisələrin tərkib hissəsidir. Suriya ilə yanaşı, digər Ərəb ölkələrində də eyni hadisələrin baş verəcəyi gözlənilən haldır. Suriyada və digər Ərəb ölkələrində ölkənin inkişafı və əhalinin sosial səviyyəsinin yaxşılaşması yönündə hər hansısa bir islahat aparılmır. Orada hər hansısa bir vətəndaş cəmiyətinin mövcudluğundan danışmaq qeyri-mümkündür. Həmin ərazilərdə azad mətbuatın olmaması da faktor amillərindən biridir. Şübhəsiz ki, bu kimi problemlər toplanaraq, bir gün partlayış nöqtəsinə gəlməli idi. Ərəb dövlətlərinin bir-birinə dil və din baxımdan yaxın olması həmin ərazilərdə partlayışların ardıcıl xarakter almasına səbəb olur. Digər Ərəb ölkələrindən fərqli olaraq, Suriyada hadisələr daha ciddi xarakter alaraq, geniş şəkil aldı. Buna səbəb isə orada hakim zümrənin vətəndaş müharibəsinə şərait yaratmasıdır. Eyni zamanda beynəlxalq birliyin məsələyə öz mövqeyini bildirməsi, Suriya barəsində qərarlar qəbul etməsi ABŞ-ın rəhbərliyi ilə hərbi müdaxiləyə səbəb olacaq. Lakin çox təəssüf ki, Qərb ölkələrinin Ərəb dünyasında yaşanan sosial problemlərin həlli ilə bağlı vahid proqramı yoxdur. Suriyada və Ərəb dünyasında baş verən proseslər onu göstərir ki, hansısa bir ölkənin daxilində islahatların gecikməsi, inteqrasiyanın arxa plana atılması, gənc nəslə öz potensialını nümayiş etdirmək üçün imkan yaradılmaması müəyyən dövrdən sonra sosial partlayışın yaranmasına səbəb olur.

- Sizcə, yaranan maneələri aradan qaldırmaq üçün növbədi hədəf İran ola bilərmi?

- Baş verən proseslər Ərəb dünyasında cərəyan edir. Doğrudur, İran müəyyən qədər Ərəb dünyasına yaxın ola bilər, lakin İranda vəziyyət bir qədər fərqlidir. İran tarix boyu Şərqdə dominant dövlətlərdən biri olub. Digər tərəfdən, Ərəb ölkələrindən fərqli olaraq, İranda bir sıra məsələlər təkamül yolu ilə həll olunur. Seçki prosesində də Həsən Ruhaninin seçilməsi, Ərəb dövlətlərində baş verənlərin burada da yaşanmayacağını deməyə əsas verir. Şübhəsiz ki, İranda da müəyyən dəyişikliklər ola bilər. Lakin bu partlayışla yox, təkamül yolu ilə, yəni müəyyən islahatların həyata keçirilməsi ilə ola bilər.

- Eyni zamanda Həsən Ruhani Azərbaycanla bağlı xoşməramlı fikirlər bildirir. Sizcə, bunun Azərbaycan üçün hər hansı bir faydası olacaqmı?

- Mən hesab edirəm ki, istənilən dövlət Azərbaycanla xoş münasibətlər yaratmağa çalışır. Buna səbəb isə Azərbaycanın dünyəvi dəyərlərə hörmət etməsi, daxili potensialına görə inkişaf edən bir dövlət olmasıdır. Bu baxımdan da hər bir dövlət Azərbaycanda mövcud olan bu vəziyyətdən yararlanmağa çalışır. Dünyanın bir sıra ölkələrinə narazı münasibətdə olan İran, Azərbaycan kimi beynəlxalq aləmdə tanınan bir dövlətlə xoş münasibətdə olmağa maraqlıdır. Bununla yanaşı bildiyiniz kimi, Azərbaycan heç bir zaman İranın daxili işlərinə qarışmayıb. Ölkəmiz də həmçinin İranla yaxşı qonşuluq münasibətləri saxlamağa çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə